"Artıq Azərbaycanın həyatında yeni dövr başlayıb və tarixi zəfərimizin reallıqlarını yaşayırıq. İki ildir torpaqlarımızın işğal deyil, işğaldan azad edildiyi tarixləri qeyd edirik. Bu qüruru, sevinci xalqımıza yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq".
"Report" xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.
O xatırladıb ki, dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən iki il ötür:
"İki il bundan əvvəl bayramlarımız sırasına daha bir tarixi gün əlavə olundu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr Zəfər Günü kimi təsis edildi. 30 illik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. 30 il xalqımız bu günü böyük səbirsizliklə gözləsə də, əmin idi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnətməkana çevriləcək. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan səsləndirdiyi "O gün uzaqda deyil" bəyanatı da özündə bütün məqamları ifadə edirdi. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış da xüsusi yer tuturdu ki, xalqın səbri tükənməz deyil".
"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “İrəli!” əmri illərdir bu tapşırığı gözləyən Azərbaycan əsgərinin döyüş ruhunu yüksəltdi. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Cəbrayılın və Füzulinin bir neçə kəndinin azad edilməsi əsgərlərimizin qələbə əzmini artırdı, növbəti zəfərlərə yol açdı. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edərək adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə informasiya cəbhəsində də üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynayan 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri tarixi həqiqətlərin təbliğində, müharibəni qaçılmaz edən reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı, indiki və gələcək nəsillər üçün zəngin mənbə oldu", - təşkilat sədri əlavə edib.
O vurğulayıb ki, Prezident İlham Əliyev həmin müsahibələrində hər zaman Azərbaycanın qələbə qazanacağına əminliyini ölkəmizin gələcəyi ilə bağlı suallara cavablarında ifadə edirdi: "Təbii ki, bu əminliyə əsas verən dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı idi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Vətən müharibəsində əldə olunmuş qələbə Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinin və iqtisadi inkişafımızın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti olub. İlham Əliyevin Prezidentliyi dövründə dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, müasir silah-sursat, texnika ilə təchiz edilib".
V.Rəhimzadə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin tarixi Zəfərimizdə rolunu xüsusi qeyd edib: "Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi bu gün özünü aydın şəkildə büruzə verir. Eyni zamanda, dövlətimizin müstəqil siyasəti bütün sahələrdə, o cümlədən xarici siyasətdə davamlı uğurlara yol açır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr bir daha Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bütün bunlar hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi əsaslar yaratdı".
Onun fikrincə, 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpasında hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. YAP nümayəndəsi söyləyib ki, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı: "Ermənistanın danışıqlar prosesinə imitasiya naminə qatılması, vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması Azərbaycanın diqqətindən kənarda qalmırdı. Prezident İlham Əliyev işğalçı dövlətin yeni savaş planını İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının sessiyasında dünyaya bəyan etmişdi. Lakin təəssüflər olsun ki, əksər dünya gücləri yenə də özlərini bundan xəbərsiz aparmaqla yanaşı, ölkə Prezidentinin bu çağırışına seyrçi mövqedən yanaşdılar. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını reallaşdırmaq niyyətini bir daha ortaya qoydu".