Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanacaq

Daxili siyasət
  • 11 dekabr, 2025
  • 14:39
Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanacaq

Azərbaycanda məhkəmə ekspertizası sahəsində dövlət standartları hazırlanacaq.

"Report" xəbər verir ki, bu Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada yer alan görüləcək tədbirlər sırasında yer alıb.

Sənəddə qeyd olunub ki, həmin müddətdə yeni çağırışlar, qlobal trendlər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, məhkəmə ekspertizası sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək.

Eyni zamanda məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə texniki komitələrin yaradılması da nəzərdə tutulur.

Bundan başqa, məhkəmə ekspertizası sahəsində dövlət standartlarının hazırlanması və qəbulu, məhkəmə ekspertizası ensiklopediyasının hazırlanması da planlaşdırılır.

Həmçinin məhkəmə ekspertizası idarələrində keyfiyyət təminatı sistemi qurulacaq.

Bununla yanaşı, sınaq laboratoriyaları "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanuna uyğun olaraq akkreditasiyadan keçiriləcək, məhkəmə ekspertizasının aparılması şərtlərini və qaydalarını müəyyən edən təlimat hazırlanacaq.

Bununla belə qeyd olunub ki, məhkəmə ekspertizası sahəsində müvafiq standartlaşdırma və akkreditasiya prosesinin təşkili üçün tələb olunan maliyyə vəsaitinin ayrılmasında müəyyən çətinliklər yarana bilər.

Bildirilib ki, müvafiq standartlaşdırma və akkreditasiya prosesinin təşkili qurumların təşkilati-struktur, maddi-texniki, kadr və metodiki təminatı ilə bağlıdır:

"Müvafiq zəruri infrastrukturun qurulması, habelə beynəlxalq akkreditasiya prosesinin təşkili üçün tələb olunan maliyyə vəsaitinin ayrılmasında müəyyən çətinliklər yarana bilər. Bununla əlaqədar, Konsepsiyanın 7-ci hissəsində qeyd olunan mənbələr hesabına maliyyələşdirilmənin aparılması üçün aidiyyəti tədbirlər görülə bilər".

Gözlənilən nəticə və nəticə indikatorlarına gəldikdə isə qeyd olunub ki, məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə tədbirlərin görülməsi dövlət standartlarının qəbul edilməsini, dövlət reyestrinə və fonduna daxil edilməsini təmin edəcək.

Həmçinin sınaq laboratoriyalarının akkreditasiyadan keçirilməsi işinin yekunlaşdırılması həmin laboratoriyaların fəaliyyətində keyfiyyət irəliləyişinə səbəb olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti