Azərbaycanda birmandatlı seçki dairələri üzrə deputatlığa namizədliyin irəli sürülməsi prosesi başlayıb.
"Report"un xəbərinə görə bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin təyin olunması ilə bağlı dövlət başçısının rəsmi sərəncamı dərc olunduqdan sonra namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması haqqında qərarın qəbul edilməsi üçün sənədlər müvafiq dairə seçki komissiyasına təqdim edilir: "DSK-lar isə həmin sənədlərə beş gün müddətində baxaraq müvafiq qərarlar qəbul edirlər".
Mərkəzi Seçki Komissiyasının Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq seçki dairələrinə təqdim edilməsi səsverməyə ən çox 50 gün və ən az 30 gün qalmaqla saat 18:00-a qədər davam edəcək. Beləliklə, proses iyulun 13-də başlayacaq, avqustun 2-si saat 18:00-da başa çatacaq.