"Baş verən gərginlik Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbətisidir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığında deyib.
Bu ilin 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir C.Bayramov bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran XİN başçısı məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.