Azərbaycanda növbədənkənar prezident seçkiləri tam şəffaf və demokratik keçdi.
“Report” xəbər verir ki, bunu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (ASEAN PA) müşahidəçilər missiyasının rəhbəri Sanya Praseut Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O, seçkilərin monitorinqi zamanı heç bir qanun pozuntusunun qeydə alınmadığını vurğulayıb.
Onun sözlərinə görə, müşahidəçilər yeddi seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olub və səslərin sayılmasında iştirak ediblər:
“Missiyamızın nəticəsi belədir: seçkilər tamamilə şəffaf və demokratik keçib, heç bir təzyiq halı qeydə alınmayıb”.
S.Praseut əlavə edib ki, səsvermə prosesi insident olmadan, sakit şəraitdə keçib.
Missiyanın rəhbəri qeyd edib ki, ölkədəki sabit vəziyyət sayəsində həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini və səsvermənin gedişini sərbəst izləmək imkanı əldə ediblər.