ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başlayıb

ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başlayıb Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və “Eduaz.com” MMC arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsi üzrə yeni əməkdaşlığa başlanılıb.
Daxili siyasət
9 İyun , 2023 16:51
ANAMA maarifləndirmə istiqamətində yeni əməkdaşlığa başlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və “Eduaz.com” MMC arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsi üzrə yeni əməkdaşlığa başlanılıb.

Bu barədə “Report”a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hər kəsin iştirak edə biləcəyi və onlayn formatda təşkil edilən təlimlərin məqsədi daha çox auditoriyanı əhatə edərək mina təhlükəsi barədə məlumat verməkdir.

Tərəflərin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn bu layihə vasitəsilə təlimi onlayn izləyən şəxslər mina təhlükəsinin izahı, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi fəsadlar, şübhəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları haqda məlumatla tanış olacaqlar.

Təlim 5 qızıl qaydanı özündə əks etdirir - “Təyin edilmiş yerlərdən, yollardan və çığırlardan kənara çıxmayın! Naməlum və şübhəli əşyalara toxunmayın! Atılıb qalmış hərbi sursatlar və texnikalar olan sahələrə yaxınlaşmayın! Dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə daxil olmayın! Səngərlər və sığınacaqlar olan sahələrə yaxınlaşmayın!”

Qeyd edək ki, PSTM təlimlərində iştirak etmək istəyən şəxslər Agentliyin veb-səhifəsində “Fəaliyyət - Maarifləndirmə işləri” bölməsindən “Təlimə qoşul” (https://anama.gov.az/enlightenment-works) keçidinə daxil olaraq rahatlıqla maarifləndirmə təlimini izləyib, ANAMA tərəfindən QR kodlu rəqəmsal sertifikat əldə edə biləcək.

Missiyası bütün insanlara və müəssisələrə təlim sahəsində rəqəmsal imkanlar yaratmaq olan EDUAZ onlayn təlim platforması yerli mütəxəssislər tərəfindən hazırlanıb və təlimlərin əlçatanlığının təmin edilməsi üçün bir çox alətlərə malikdir. PSTM təlimlərini hər kəs istənilən məkandan, istənilən zaman izləyərək, özünüqiymətləndirmə testlərindən keçə biləcək və eyni zamanda təlim materiallarını istənilən vaxt təkrarlamaq imkanı olacaq.

“Genişmiqyaslı təlimlərin keçirilməsi keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışına, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətinə cəlb olunan nümayəndələrin, səfər edən şəxslərin məlumatlandırılmasına öz müsbət töhfəsini verəcəkdir”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi