Bakı sakini: Sevincimin həddi ikiqatdır, çünki əsgər oğlum da bugünkü paradın iştirakçısıdır
- 08 noyabr, 2025
- 16:36
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan paradı izləməyə gələn Bakı sakini, özəl sektorda çalışan Leyla Şeydayeva nümayiş olunan hərbi texnikaları gördükcə daha da qürurlandığını bildirib.
Təəssüratlarını "Report"a bölüşən L.Şeydayeva qeyd edib ki, bu günü çoxdan gözləyirdi.
Onun sözlərinə görə, Hərbi paradda iştirak etmək, hərbi texnikaları gözləri ilə görmək böyük qürurdur:
"Hərbi texnikaları, sursatları gördükcə müharibə günləri yadıma düşür. Allah şəhidlərimizə rəhmət eləsin. Qələbənin sevincini yaşasaq da, təbii ki, qəlbimizdə bir kədər var. Çünki igid oğullarımız şəhid oldu. Allah hamısına rəhmət eləsin".
"Müşahidələrim onu deməyə əsas verir ki, insanlar arasında parada çox böyük maraq var. Bunu görmək qürurvericidir. Sevincimin həddi ikiqatdır, çünki oğlum da əsgərdir və bugünkü paradın iştirakçısıdır", - L.Şeydayeva əlavə edib.