Ağdaşın Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb

Ağdaşın Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb Ağdaş rayonunun Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb.
Daxili siyasət
29 Noyabr , 2022 15:29
Ağdaşın Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb

Ağdaş rayonunun Qaradeyin kəndinin yolları bərbad vəziyyətə düşüb.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kənd yollarının uzun illərdir təmir olunmaması yol infrastrukturunun tamamilə sıradan çıxmasına səbəb olub.

Sakinlər deyir ki, gün ərzində yüzlərlə insan kənd yollarından gediş-gəliş üçün istifadə edirlər. Onlar söyləyir ki, bu yolda minik avtomobilləri ilə yanaşı ağır texnikalar da hərəkət edir, eləcə də yol kənd sakinlərinin mal-qarasını örüş sahələrinə aparıb-gətirməsində istifadə olunur.

Uzun illər əvvəl küçənin asfalt örtüyü ərazidə intensiv hərəkətin (ağırtonalı maşınların, texnikaların və mal-qaranın) mövcud olduğu səbəbindən dağılıb. Buna görə də yay aylarında toz-torpağın qalxmasına, qış aylarında isə keçilməz bataqlığa səbəb olan bu yol insanların da gündəlik həyatına mənfi təsirlər göstərir.

Sakinlər söyləyir ki, yol bərbad vəziyyətə düşdüyünə görə uşaqların məktəblərə gedib-gəlməsi də çətinləşib: "Asfalt örtüyü istismar müddətini başa vurduğundan yol bu vəziyyətə düşüb. Vaxtında təmir olunsaydı, bu həddə gəlib çatmazdı. Məcbur qalıb, uşaqları məktəbə ya qucağımızda, ya da avtomobillə aparmalı oluruq. Bundan əlavə, yuxarı sinif şagirdləri dərsə gedəndə əllərində ehtiyat ayaqqabı aparırlar və məktəbə çatanda dəyişib siniflərə təmiz və palçıqsız ayaqqabı ilə daxil olurlar".

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, Qaradeyin kəndinin yolu daxil olmaqla Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki ,Ovçulu, Ağcaqovaq və Abad kənd avtomobil yolları təmir olunması nəzərdə tutulan yolların siyahısına daxil edilib.

Qeyd olunub ki, artıq dövlət proqramına bu yolların təmir olunması əlavə edilib və maliyyə vəsaiti ayrılan kimi həmin yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start veriləcək.

Bildirilib ki, bu yolların ümumi uzunluğu 44 km təşkil edir və 11 yaşayış məntəqəsini əhatə edir.

Xatırladaq ki, Qaradeyin Ağdaşın Eymir bələdiyyəsinə tabe olan 4 ucqar kənddən biridir.

Son xəbərlər

Orphus sistemi