Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq dördüncü yaşayış kompleksinin təməlinin qoyulması mərasimində də iştirak ediblər.
"Report" xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yaşayış kompleksi barədə məlumat verildi.
Bildirildi ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080, o cümlədən 36 birotaqlı, 363 ikiotaqlı, 484 üçotaqlı, 197 dördotaqlı mənzil olacaq.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksi barədə videoçarxa baxdılar.
Qeyd edildi ki, yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Kompleksdə, həmçinin idman meydançaları, istirahət guşələri, uşaq oyun meydançaları, velosiped yolları və avtomobil dayanacaqları yaradılacaq.
Dövlətimizin başçısı Ağdam şəhərində dördüncü yaşayış kompleksinin təməlini qoydu.