1993-cü il martın 31-dən mayın 23-dək - 54 gün erməni mühasirəsində qalmış şəxslərin bir qrupunun Kəlbəcər və Laçın rayonlarına səfəri başlayıb.
"Report"un Kəlbəcər və Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, yerli sakinlər 29 ildən sonra ilk dəfə dədə-baba yurdlarına qayıdıblar.
Səfər zamanı Laçının Oğuldərə kəndinin sakinləri vaxti ilə mühasirədə qaldıqları ərazilərə gəlib, yaşadıqları çətin günləri bir-biri ilə bölüşüblər.
Onlar söhbət zamanı düşmənə görünmədən, erməni yaraqlılarından necə yayınaraq xilas olduqları barədə danışıblar.
Bildiriblər ki, Laçın rayonunun Oğuldərə kəndi 1993-cü il martın 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal ediləndə məcburi olaraq öz doğma yurdlarından çıxmağa məcbur olublar. Həmin vaxt Laçın və Kəlbəcər rayonlarının mərkəzi və ətraf kəndləri düşmən tərəfindən ələ keçirildiyi üçün 19 nəfər burada mühasirədə qalıb.
Qeyd ediblər ki, 54 gündən sonra isə Laçının Güləbird kəndi ərazisinə gələrək mühasirədən xilas olublar.
Xatırladaq ki, 1993-cü ilin mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.
Qeyd edək ki, mühasirədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci ilin iyul ayının 2-də vəfat edib.
Səfərin təşkilatçısı “Global Media Group”dur.