“İyulun 12-də erməni silahlı qüvvələri atəşkəs rejimini rejimini pozaraq, Azərbaycan və Ermənistanın dövlət sərhədində, Tovuz istiqamətində Azərbaycanın mövqelərini atəşə məruz qoyub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-hücumu nəticəsində erməni silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qudsi Osmanov bu ölkənin mətbuatına açıqlamasında bildirib.
Diplomat qeyd edib ki, erməni silahlı qüvvələri tərəfindən növbəti təcavüz və təxribat aktı Ermənistanın təxminən 30 ildir davam edən düşmənçilik, işğal siyasətinin daha bir sübutudur. O, bildirib ki, bu gün Azərbaycan ərazisinin 20 faizi hələ də işğal altındadır və Azərbaycan xalqı heç vaxt bu faktla barışmayacaq.
"Dünya indi koronavirus pandemiyasına qarşı mübarizə aparır, Ermənistanın rəhbərliyi COVID-19-un yayılması fonunda belə təcavüz aktları ilə Azərbaycana qarşı təxribatlar törədərək, diqqəti ölkənin daxilindəki sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Bu provokasiya ilə Ermənistan rəhbərliyi diqqəti Azərbaycana yönəldərək özünün daxili siyasət problemlərini "xarici düşmən" obrazı hesabına həll etməyə çalışır", - Qudsi Osmanov bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycana hərbi təcavüz törədib, Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib, bununla BMT nizamnaməsini və başqa beynəlxalq hüquqi öhdəlikləri pozub.