Bakıda keçirilən COP29 konfransının "Yaşıl Zona"sına 5 mindən çox ziyarətçi giriş biletlərini prosesə iTicket.az platforması vasitəsilə start verildikdən cəmi iki saat sonra əldə edib.
Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.
Bildirilib ki, "Yaşıl Zona" COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu məkandır.
COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır.
Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 "Yaşıl Zona"sının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, "Yaşıl Zona"da fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.
Qeyd edək ki, konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib.