BMT rəsmisi: "Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir"

BMT rəsmisi: "Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir" 29-cu sessiyası (COP29) 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı iqlim ambisiyaları silsiləsində ən mühüm hadisədir.
COP29
3 Fevral , 2024 11:53
BMT rəsmisi: Bakıda keçiriləcək COP29 iqlim ambisiyaları dövrünün ən mühüm hadisəsidir

2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim ambisiyaları silsiləsində ən mühüm hadisədir.

"Report"un məlumatına görə, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still (Simon Stiell) ADA Universitetində çıxışı zamanı deyib.

O vurğulayıb ki, COP-un ev sahibi və prezidenti olmaq həm şərəf, həm də böyük öhdəlik və məsuliyyətdir: “Mən bir daha Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırıram. Bu il, xüsusən də son günlər Bakıda apardığımız konstruktiv və düşünülmüş müzakirələr məni çox ruhlandırdı. Genişmiqyaslı dəyişiklikləri idarə etmək üçün ağır işləri üzərinə götürməyə hazır olmaq çox vacibdir. Çünki artıq dünyanın iqlim mübarizəsinin bütün aspektlərində işlərin normal vəziyyətə qayıtmasının vaxtı çatıb”.

BMT-nin icraçı katibi bildirib ki, həm qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmağa, həm də bütün xalqları iqlim dəyişikliyinin təsirlərindən qorumağa nail olsaq, dünyanın necə görünəcəyini təsəvvür edərək 2050-ci ilə irəliləmək mümkün olacaq: “Əlbəttə ki, bu, utopiya olmayacaq… Bu uğur vizyonunda qlobal enerji sistemləri xalis sıfır emissiya səviyyəsindədir. Ölkələr və ya ən azı regionlar enerji ilə özünü təmin edəcək. Bərpa olunan mənbələr enerjini hamı üçün əlçatan, əlverişli və proqnozlaşdırıla bilən hala gətirdi. Bu, o deməkdir ki, biz keçmişdə iqtisadi meyilləri və konfliktləri formalaşdıran sarsıntılardan və bərabərsizliklərdən qaçına bilərik”.

Saymon Stil hesab edir ki, əvvəllər qalıq yanacaq subsidiyalarına xərclənən trilyonlar daha yaxşı məqsədlər üçün xərclənə bilər: “Səhiyyə, təhsil, geridə qalanlar üçün təhlükəsizlik şəbəkələri”.

O, 2050-ci ildən danışarkən qeyd edib ki, planlar icra olunacağı təqdirdə həmin dövrdə böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən çölə çıxmaq artıq tibbi baxımdan təhlükəli olmayacaq: “Nəticədə hər il milyonlarla həyat xilas olunar. İqlimə davamlılıq və uyğunlaşma istiqamətindəki 25 illik investisiyalar, kənd təsərrüfatı təcrübələri və təbiəti qorumaq istiqamətindəki dəyişikliklər ekstremal iqlim hadisələrindən insanlara və əmlaka dəyən zərəri azaldar.

Onilliklərlə davam edəcək karbonsuzlaşma səyahətinin dövrümüzün ən böyük qlobal iqtisadi transformasiyalarından biri olacağını demək üçün falçı olmağa ehtiyac yoxdur. Tam mənası ilə bu, sənaye inqilabı və ya rəqəmsal iqtisadiyyatın gəlişi ilə müqayisə edilə biləcək”.

İcraçı katib diqqətə çatdırıb ki, bu, həm də dövrümüzün ən böyük kommersiya imkanlarından biridir: “Əgər transformasiyanı düzgün həyata keçirsək, 2050-ci ildə planetimizdə 9,7 milyard insan üçün dərin sosial dəyişikliklərin və real faydaların meydana çıxması gözlənilir. Bir şeyi aydınlaşdırmaq istəyirəm ki, bu, sadəcə arzu deyil. Bu, Paris Sazişində və BMT-nin iqlim konfranslarında sətir-sətir, söz-söz, vergül-vergül müzakirə edilən razılaşmalarda öz əksini tapıb. Bu, nə utopik, nə də distopiyadır, utilitar, praqmatik və əldə edilə biləndir, mövcud, lakin hələ tammiqyaslı olmayan texnologiyalara və həyata keçirilən siyasətlərə əsaslanır”.

Daha sonra 2025-ci ildə baş verəcəkləri təsəvvüründə canlandıran BMT rəsmisi bildirib ki, ABŞ, Çin, Rusiya, Braziliya, İndoneziya, Almaniya, Hindistan, Böyük Britaniya, Yaponiya, Kanada, Fransa, Avstraliya, Argentina, Meksika, Cənubi Afrika, İtaliya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avropa Birliyi və Türkiyə, yəni 2025-ci ildə dünya emissiyalarının 80%-nə cavabdeh olan G20 bu əsasda öz hədəflərini ciddi şəkildə yenidən layihələndirəcəklər:

“Çünki onlar bilirlər ki, PR strategiyası, re-brendinq və ya xırda dəyişikliklər etmək (tinkering) iqlim məsuliyyətlərini yerinə yetirmək üçün kifayət etməyəcək və eyni zamanda onları innovasiya əyrisinin irəlisində deyil, pis bir şəkildə gerisində buraxacaq”.

Saymon Stil diqqətə çatdırıb ki, bu milli iqlim planları sadəcə kağız parçaları deyil, onlar möhkəm siyasət alətləri ilə dəstəklənməli, hazır investisiya imkanlarına çevrilməlidirlər: “Hər bir ölkə həm də öz xalqını, onların dolanışıq vasitələrini və təbiətini artan iqlim təsirlərindən qorumaq üçün Milli Uyğunlaşma Planı, sadə dillə desək, davamlılıq planı təqdim etməlidir”.

Dünyanın ortaq hədəflərinin əlçatan olmasını təmin etmək üçün bu il görülməli işlərdən də söz açan icraçı katib söyləyib ki, qlobal maliyyə sisteminin məqsədəuyğun olması və iqlim keçidini mənalı şəkildə həyata keçirmək üçün il ərzində birlikdə işləməliyik: “Rəqəmlərə baxanda aydın olur ki, bu keçidə nail olmaq üçün bizə çoxlu pul lazımdır, azı 2,4 trilyon dollar... İqlim Maliyyəsi üzrə Yüksək Səviyyəli Ekspert Qrupunun təxminlərinə görə, Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji, uyğunlaşma və digər iqlimlə bağlı məsələlərə investisiya qoymaq üçün hər il 2,4 trilyon dollar lazımdır. İstər emissiyaların azaldılmasında, istərsə də iqlimə davamlılığın yaradılmasında maliyyənin kəmiyyət, keyfiyyət və innovasiya baxımından dünyanın iqlim mübarizəsində həlledici və ya pozucu amil olduğu artıq aydındır. Əslində, daha çox maliyyə olmasa, 2023-cü ilin iqlim qazancları tez bir zamanda boş vədlərə çevriləcək. Bizim iqlim maliyyəsi ilə bağlı sızmalara deyil, sellərə ehtiyacımız var”.

Onun fikrincə, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi razılaşdırılmalıdır: “Ölkələr yetərli güzəştli dəstəyə sürətlə çıxış əldə edə biləcəklərinə əmin olmalıdırlar. Digər öhdəliklərdə olduğu kimi, maliyyədə də şəffaflıq inam yaratmaq üçün önəmlidir. İqlim maliyyəsi yardım büdcələrindən səssizcə oğurlanmamalıdır”.

“2024-cü il çoxtərəfli inkişaf banklarının dünyada iqlimlə mübarizədə mərkəz olduqlarını və təsir göstərmək əzmlərini nümayiş etdirməli olduqları ildir. Onlar xüsusilə qrantlar və güzəştli maliyyə ilə bağlı 2030-cu ilə qədər kollektiv maliyyə imkanlarını iki dəfə, hətta üç dəfə artıracaq maliyyə innovasiyası istiqamətində cəsarətli addımlar atmalıdırlar.

Bundan əlavə, onlar özəl kapitalın səfərbər olunmasının ümumi sürətini iki və üç dəfə artırmaq üçün özəl sektorla əlaqələrindən istifadə etməyi öhdələrinə götürməlidirlər”, - Saymon Stil əlavə edib.

Son xəbərlər

Orphus sistemi