Londonda keçirilən İqlim Həftəsi zamanı əldə olunan təcrübə və əməkdaşlıq Bakı İqlim Fəaliyyəti Həftəsinin strukturunun formalaşmasında mühüm rol oynayıb.
"Report" xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Bakı İqlim Fəaliyyəti Həftəsinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 istiqamətində mühüm addımdır.
"Cəmi bir neçə həftədən sonra bütün iqlim ictimaiyyətini Bakıda COP29-da salamlayacağıq. COP-la bağlı baxışlarımız aydındır: ambisiyaları gücləndirmək və iqlim böhranı ilə mübarizə üçün fəaliyyətə şərait yaratmaq", - N.Arpadarai bildirib.
Onun sözlərinə görə, Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi regional və beynəlxalq səviyyələrdə iqlimlə bağlı fəaliyyətin inkişafına töhfə verəcək.