Bakıda keçirilən COP29 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm hadisə oldu. Bu konfransda vacib məsələlər müzakirə edildi və istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və ekosistemlərin davamlılığının qorunması sahəsində tədbirlərin gücləndirilməsinə dair önəmli qərarlar qəbul edildi.
Bu sözləri Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev "Report"a müsahibəsində deyib.
Əldə edilmiş razılaşmalar beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkələrin Paris Sazişinin icrasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda əsl sadiqlik nümayiş etdirməsi baxımından irəliyə doğru atılan mühüm addımdır.
Müzakirə olunan mövzular arasında iqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin yer alması Qırğızıstan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün birbaşa əhəmiyyət kəsb edir.
İqlim maliyyələşdirilməsi ilə bağlı əldə edilmiş razılaşmalar, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün onun həcminin 2035-ci ilə qədər 300 milyard ABŞ dollarına çatdırılması Qırğızıstan üçün yeni imkanlar açır.
Qırğızıstan üçün “yaşıl enerji”nin inkişafı, kənd təsərrüfatının iqlim dəyişikliyinə dayanıqlılığının artırılması, su ehtiyatlarının qorunması və təbii ekosistemlərin idarə edilməsinin təkmilləşdirilməsi məsələləri xüsusilə vacibdir.
COP29-un nəticələri istixana qazı emissiyalarının azaldılması istiqamətində qlobal səylərin gücləndirilməsinə gətirib çıxarmalıdır ki, bu da öz növbəsində, iqlim dəyişikliyinin yavaşlamasına kömək edəcək.
COP29-un daha iddialı və səmərəli tədbirlərin vacibliyini vurğulaması önəmlidir. Qırğızıstan bu təşəbbüslərdə iştirak etməklə beynəlxalq iqlim maliyyəsinə çıxış, ekoloji cəhətdən təmiz texnologiyaların işlənib hazırlanmasında texniki yardım və qlobal iqlim proseslərinin iştirakçısı kimi rolunun artması kimi bir sıra faydalar əldə edə bilər.
Biz bu çağırışların öhdəsindən gəlmək üçün qrant və investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq tərəfdaşlarla fəal şəkildə işləyir, eləcə də səmərəli iqlim strategiyalarının hazırlanması və tətbiqi üzrə daxili mexanizmləri gücləndiririk.
Zəngin təbii potensiala malik dağlıq ölkə olan Qırğızıstan ekosistemlərin dayanıqlı idarə edilməsi, “yaşıl enerji”nin inkişafı və ətraf mühitin mühafizəsi məsələlərində transsərhəd əməkdaşlığa yönəlmiş regional iqlim layihələrinin həyata keçirilməsində mühüm rol oynaya bilər.
Qırğızıstan COP29 kimi beynəlxalq forumlarda fəal iştirakı sayəsində təbiətin mühafizəsi və dayanıqlı inkişaf sahəsində liderlik nümayiş etdirməklə Mərkəzi Asiyanın gələcək iqlim təşəbbüsləri çərçivəsində öz strateji mövqeyini təmin edə bilər.