COP29-da iqlim dəyişikliyi ilə əlaqəli sahələrdə yeni əlaqələr qurmaq imkanı var.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən COP29-da müşahidəçi kimi iştirak edən "Lions Clubs International" təşkilatının ikinci vitse-prezidenti Mark Lyon deyib.
Onun sözlərinə görə, bundan əvvəl Dubayda keçirilən COP28 tədbirində müşahidəçi statusunda olub:
"COP29-da əsas rolum qrupumun iştirak etdiyi təşkilatlarla görüşlər keçirmək və iqlim dəyişikliyi ilə əlaqəli sahələrdə yeni insanlarla tanış olmaq və yeni əlaqələr qurmaq imkanıdır. Biz tədbirlərdə danışıqlarda iştirak etməsək də, insanlarla və ya buradakı tərəfdaşlarımızla planlaşdırılmış görüşlərlə maksimum məlumat əldə edə bilirik".
M.Lyon bildirib ki, təşkilatın dünyada təxminən 1.4 milyon üzvü var və onlar iqlim dəyişikliyi, ətraf mühitlə bağlı fəaliyyətlərdə iştirak etməsi üçün tərəfdaşlar axtarırlar.
O, Azərbaycana ilk səfəri olsa da, paytaxt Bakını çox bəyəndiyini söyləyib:
"Milli mətbəxinizi də daddım. Olduqca dadlı təamlarınız var. Qonaqpərvərliyinizi isə xüsusi qeyd etmək istərdim".