Təhsil siyasəti texnoloji innovasiyalara və ekoloji dayanıqlılığa keçidi istiqamətləndirmək üçün ən effektiv vasitə ola bilər.
"Report" xəbər verir ki, bunu İtaliyanın təhsil naziri Cuzeppe Valditara COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.
"İqlim dəyişikliyi həyat tərzimizin yenidən, hərtərəfli qiymətləndirilməsini tələb edir. Bu mənada təhsil sahəsi bilik və məlumatlılığın əldə edilməsində əsas rol oynaya bilər. Elmi-mədəni bilik və səriştələr insanlara doğru və yanlış məlumatları ayırd etməyə, həmçinin iqlim fəaliyyətini irəlilətmək, davamlılıq yaratmaq üçün potensialı inkişaf etdirməyə imkan yaratmaq üçün vacibdir. Biz elmi yanaşmaya inanırıq, hesab edirik ki, iqtisadi artım və ətraf mühitin mühafizəsi paralel inkişaf etdirilməlidir. İtaliya gələcək nəsillərin maraqları naminə təhsilə, bioiqtisadiyyata, biomüxtəlifliyin və ekosistemlərin qorunmasına xüsusi diqqət yetirir", - o vurğulayıb.