Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir

Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizəyə fəal şəkildə cəlb olunub ki, bu da özünü ölkənin bir sıra beynəlxalq iqlim tədbirlərində iştirakında göstərir.
COP29
24 Sentyabr , 2024 11:50
Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir

Səudiyyə Ərəbistanı iqlim dəyişikliyi ilə mübarizəyə fəal şəkildə cəlb olunub ki, bu da özünü ölkənin bir sıra beynəlxalq iqlim tədbirlərində iştirakında göstərir.

Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cüteyli məlumat verib.

Diplomat bildirib ki, bu ilin dekabrında Səudiyyə Ərəbistanı BMT-nin Səhralaşma ilə mübarizə Konvensiyasının (UNCCD) Tərəflər Konfransının (COP16) 16-cı sessiyasına ev sahibliyi edəcək.

“Eyni zamanda, Azərbaycan noyabr ayında COP29-a ev sahibliyi edəcək. Biz iqlim dəyişikliyi və qlobal ekoloji çağırışlarla mübarizə məsələləri üzərində işləyir, mühüm beynəlxalq konfransları qəbul edən iki tərəf kimi əməkdaşlıq edirik. Səudiyyə Ərəbistanı həmçinin dekabr ayında Ər-Riyadda keçiriləcək COP16-ya fəal şəkildə hazırlaşır. Sentyabrın sonunda isə ölkə BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda iqlim məsələlərinə həsr olunmuş görüşdə də iştirak edəcək”, - səfir qeyd edib.

Səfir, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı COP29-da təmsil olunacaq, lakin nümayəndə heyətinə kimin başçılıq edəcəyi daha sonra məlum olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2024-cü il dekabrın 2-dən 13-dək COP16-ya ev sahibliyi edəcək. Tədbirdə 197-dən çox ölkədən nümayəndələrin iştirakı gözlənilir. Bu, torpaqların deqradasiyası və quraqlıqla mübarizə üzrə Yaxın Şərqdə ilk dəfə keçiriləcək ən böyük tədbir olacaq.

COP16-nın əsas mövzusu xüsusilə 2000-ci ildən bəri quraqlığın 29% artdığı bir şəraitdə quraqlığa davamlılıq və torpaqların bərpası istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı olacaq. Tədbir 2030-cu ilədək 1,5 milyard hektar torpaq sahəsinin bərpası təşəbbüslərinin təşviqi üçün mühüm platforma olacaq ki, bu da qlobal torpaq deqradasiyası neytrallığına nail olmaq üçün zəruridir.

Son xəbərlər

Orphus sistemi