"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı baş tutub - YENİLƏNİB

"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı baş tutub - YENİLƏNİB BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı silsilə strateji tədbirlər proqramı çərçivəsində yerli media nümayəndələrinə "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçi
COP29
24 Avqust , 2024 18:05
COP29 üçün effektiv kommunikasiya strategiyaları mövzusunda media seminarı baş tutub - YENİLƏNİB

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən, “PAŞA Holdinq” və “Trendyol” şirkətlərinin dəstəyi ilə media üçün effektiv kommunikasiya strategiyalarına həsr olunmuş seminar təşkil olunub.

"Report" xəbər verir ki, seminar yerli medianı COP29 prosesləri ilə daha yaxından tanış etmək və bu mühüm iqlim fəaliyyətinin işıqlandırılması xüsusunda mətbuat nümayəndələrinin peşəkar potensialının artırılmasına yönəlib.

Tədbir qarşıdan gələn COP29 tədbirinə hazırlıq çərçivəsində medianın cəlb edilməsinin vacibliyini vurğulayan əsas maraqlı tərəflərin salamlama çıxışları ilə başlayıb. İştirakçılara təqdim edilən “COP nədir?” adlı qısa videonun ardınca UNFCCC Katibliyinin Kommunikasiyalar üzrə rəhbəri Aleksandr Sayer UNFCCC prosesi və COP29 üzrə gözləntiləri təsvir edən təqdimatla çıxış edib.

Panel müzakirəsi zamanı COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan prioritetləri, bu istiqamətdə qoyulan hədəflərin reallığa çevrilməsi üçün atılmalı olan addımlar ətrafında əhatəli müzakirələr aparıblar. İqlim müzakirələri çərçivəsində səmərəli nəticələrin əldə edilməsinə ev sahibi ölkənin töhfələri, eləcə də COP29-un ölkəmizdə keçirilməsinin Azərbaycan üçün yaratdığı imkanlar da panel sessiyasının müzakirə mövzularından olub.

Moderatorun suallarını cavablandıran Y. Rəfiyev dövlətlərin COP29 danışıqlar prosesinə yanaşmasının kifayət qədər konstruktiv olduğunu və uğurlu nəticələrə olan inamı artırdığını qeyd edib. O həmçinin bildirib ki, iqlim maliyyəsi mövzusunun gündəmdə olması danışıqlar prosesini müəyyən mənada mürəkkəbləşdirsə də, COP29 danışıqçılar qrupu həm rəsmi, həm də qeyri-rəsmi platformalar vasitəsilə dövlətləri ortaq mövqelərə gətirməyə uğurla davam edir.

N.Carçalova Azərbaycanda COP29 konfransının təşkili üçün digər ölkələrlə müqayisədə daha qısa zaman ayrıldığına baxmayaraq, konfransın qüsursuz və müvəffəqiyətlə keçirilməsi üçün işlərin planlı şəkildə icrasının davam etdiyini bildirib. O, hazırlıq prosesinin gedişatı, eləcə də COP29 konfransının Yaşıl və Mavi Zonalarının fəaliyyəti haqqında jurnalistlərə geniş məlumat verib.

Medianın iqlim böhranının həllində mühüm rol oynadığını qeyd edən V. Andreeva media hekayələrinin məlumatlandırmaq, həvəsləndirmək və təcili tədbirlər görməyə təkan vermək gücünə malik olduğunu xüsusi vurğulayıb. O əlavə edib ki, jurnalistlər COP prosesində iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalanların səslərinə səs verə, onların təcrübələrinin və həll yollarının eşidilməsi və həyata keçirilməsini təmin etməkdə səfərbər olmalıdırlar.

Medianın COP29-da səmərəli iştirakçılığı mövzusunda çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP prosesinin mahiyyətinin ətraf mühit və iqlim məsələlərini əhatə etməklə məhdudlaşmayaraq, ümumilikdə gələcəyin iqtisadi modelinin müəyyən etdiyini qeyd edib, bu baxımdan müfəssəl ictimai rəyin formalaşdırılmasında medianın üzərinə düşən məsuliyyət və onun əvəzsiz rolunu, COP29-un gündəmə gətirdiyi mövzuların dəqiq və ətraflı işıqlandırılmasının vacibliyinə diqqət çəkib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi və COP29-un Kommunikasiya Qrupunun üzvü Cəmalə Əliyeva “Böhran vəziyyətlərinin kommunikasiyasında medianın rolu” mövzusunda çıxış edərək, baş verə biləcək böhran vəziyyətlərinin, insidentlərin effektiv kommunikasiyası və bu vəziyyətlərdə medianın rolu, onların necə fəaliyyət aparması, media ilə birgə əməkdaşlıq kimi məsələlər barədə məlumat verib. C.Əliyeva böhran vəziyyətlərində media tərəfindən faktlara əsaslanan düzgün məlumatların yayılmasının dezinformasiya və manipulyasiya hallarının qarşısının alınmasına, cəmiyyətin düzgün istiqamətləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü və mətbuat katibi Ayan Nəcəf COP29 zamanı Yaşıl və Mavi zonalarda fəaliyyət göstərəcək media xidmətləri və infrastrukturu haqqında ətraflı məlumat təqdim edərək, medianın konfransda iştirakı üçün yaradılan infrastruktur və imkanlar, eləcə də zəruri olan prosedur və icazələrdən bəhs edib.

Qeyd edək ki, bu seminar Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən COP29-a hazırlıq çərçivəsində təşkil edilən “29 iqlim müzakirəsi: COP29-a gedən yol” təşəbbüsünün 19-cu tədbiri olan bu seminar “PAŞA Holdinq” ilə tərəfdaşlıq çərçivəsində keçirilən üçüncü tədbirdir.

13:13

BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” adlı silsilə strateji tədbirlər proqramı çərçivəsində yerli media nümayəndələrinə "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib.

"Report" xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) hazırlıqla bağlı keçirilən tədbirdə medianın bu sahədə fəaliyyətinin effektivliyinin əhəmiyyəti vurğulanıb.

Açılış nitqi ilə çıxış edən BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının əməkdaşı Aleksandr Saier konvensiyanın əsasının 1992-ci ildə qoyulduğunu xatırladıb. O bildirib ki, Çərçivə Konvensiyasına 197 ölkə və Avropa İttifaqı qoşulub:

"Biz iqlim dəyişmələri haqqında hesabatlar hazırlayır, bununla əlaqədar müxtəlif qurumlara və ölkələrə köməklik göstəririk. Hesabatlar cəmləndikdən sonra isə vacib qərarların qəbulu üçün COP tədbirləri keçirilir. Hər kəsə tanış olan Paris sazişi hazırda iqlim problemlərinin qarşısının alınması ilə bağlı ən vacib saziş hesab edilir. Paris sazişinə əsasən, üzv olan ölkələr iqlim dəyişikliyinin yaratdığı problemləri azaltmaq məqsədilə tədbirlər planı hazırlamalıdırlar. Hər beş ildən-bir yeni tədbirlər planı hazırlanmalı, təqdim edilməlidir. Növbəti tədbirlər planı 2025-ci ildə təqdim ediləcək".

A.Saier vurğulayıb ki, əsas hədəf kimi iqlim dəyişmələri 1,5 dərəcə çərçivəsində saxlanmalıdır:

"Nəzərə almaq lazımdır ki, son illərdə iqlim dəyişmələrinin sürətlənməsi problemləri aradan qaldırmaq üçün daha çox vəsaitin tələb olunmasına gətirib çıxarır. Ona görə Bakıda keçiriləcək COP29 tədbiri zamanı iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün sərf ediləcək maliyyə hədəflərinin seçilməsi diqqət mərkəzində olacaq".

Seminar çərçivəsində təşkil edilən "Qlobal və Yerli İqlim Gündəliyi" mövzusunda panel müzakirədə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişmələri hazırkı ssenari ilə davam etsə və ya daha da ağırlaşsa, dünyanı böyük fəlakət gözləyir:

"Bunun qarşısını almaq üçün BMT-yə üzv dövlətlər, eləcə də Rio konvensiyasına və Paris sazişinə tərəfdaş dövlətlər ciddi və nəticəyönümlü addımlar atmalıdır. COP29 konfransının bu istiqamətdə əsas məqsədlərindən biri iqlim dəyişmələri ilə mübarizə üçün 100 milyard dollarlıq yuxarı həddin müəyyənləşdirilməsidir. Düşünürəm ki, COP29 üçün nəzərdə tutulan məqsədlərə nail olacağıq".

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova isə konfransın qarşısında konkret hədəflər qoyulduğunu söyləyib. O qeyd edib ki, həmin hədəflərə çatmaq üçün COP29 Əməliyyat Şirkətinə peşəkar kadrlar cəlb olunub:

N.Carçalova bildirib ki, artıq Bakı Olimpiya Stadionunda hazırlıq işlərinə başlanılıb: "COP-29-un keçiriləcəyi məkan "mavi zona" adlanır. Oradakı yerlər "A, B, C, D, E" zonalarına bölünüb. Media əməliyyatları "D" zonasında həyata keçiriləcək. Bir də "V.I.P" ərazi var ki, bura müxtəlif ölkələrin dövlət və hökumət başçıları üçün nəzərdə tutulub. COP29-a ev sahibliyi Azərbaycan üçün geniş mənfəət vəd edir. Mən bu mənfəəti, ilk növbədə, onun qazandıracağı insan kapitalında görürəm. Bunu da nəzərə almaq lazımdır ki, bu regionda ilk iqlim konfransı məhz Azərbaycanda keçiriləcək".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andeeva isə COP29-un keçirilməsinin böyük məsuliyyət olduğunu vurğulayıb:

"Qeyd etməliyəm ki, 35 qlobal institut iqlim dəyişmələri ilə mübarizə məqsədlərini müəyyənləşdirmək, icrasına nəzarət etmək üçün bir araya gəlib. Mən bu konfransın təşkilində iştirak edən hər kəsə təşəkkür edirəm. Xüsusilə, qeyd etmək istəyirəm ki, BMT iqlim dəyişikliyinin qarşısını almağa yönələn bütün təşəbbüsləri dəstəkləyir. Biz, həmçinin təmsil etdiyim qurumla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi