Çinin nəqliyyat idarələri və "Bir kəmər və bir yol" tərəfdaşları beynəlxalq avtomobil daşımaları və transsərhəd obyektlərin tikintisi üzrə sazişlər imzalamaq üçün danışıqlar aparır.
"Report" xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sərhəd və okean məsələləri departamentinin nümayəndəsi Qiu Xınlı COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, Çin sərhəd idarəçiliyi, sərhəd qapılarının istismarı, transsərhəd obyektlərin tikintisi kimi sərhədlə bağlı bir çox əməkdaşlıq sazişləri imzalayıb: "Çinin immiqrasiya orqanları Rusiya, Monqolustan, Qazaxıstan və digər ölkələrin də daxil olduğu 11 qonşu ölkənin immiqrasiya orqanları ilə üçtərəfli dəniz əlaqəsi mexanizmi qurub”.
Q.Xınlı qeyd edib ki, bu mexanizm liman gömrük prosedurları haqqında məlumat mübadiləsinə, fövqəladə halların vaxtında həllinə, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsinə, gömrük rəsmiləşdirilməsinin və liman əməliyyatlarının səmərəli, fasiləsiz aparılmasına birgə şərait yaradır.