ABŞ-nin Nyu-York şəhərində COP29 Prezidentliyinin Yüksək Səviyyəli Çempionunun, İqlim Fəaliyyəti üzrə Qlobal Təşəbbüslər Qrupunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsündə (BICFIT) özəl sektorun roluna həsr edilmiş yüksək səviyyəli tədbir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 Prezidentliyinin BICFIT təşəbbüsünə dair qonaqlara ətraflı məlumat veriblər.
Tədbir çərçivəsində iki müxtəlif panel təşkil edilib. BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) Nyu-York Ofisinin rəhbəri Juan Jose Martinez Badillonun moderatorluğu ilə "İqlim maliyyəsi, investisiya və ticarət neksuku: qlobal, regional və milli platformalar" mövzusunda təşkil edilmiş paneldə BMT-nin Baş Assambleyasının 73-cü Prezidenti, Ekvadorun keçmiş xarici işlər naziri Maria Fernanda Espinosa, Dünya Bankının İqlim Dəyişikliyi Qrupunun meneceri Sudharşan Canaqarajah, Beynəlxalq Valyuta Fondunun keçmiş İcraçı direktoru, Misirin keçmiş investisiya naziri, 2030 gündəliyinin maliyyələşdirilməsi üzrə BMT-nin xüsusi elçisi Mahmud Mohieldin və hazırda iqlim üzrə çoxtərəfli inkişaf banklarının əlaqələndiricisi olan Asiya İnkişaf Bankının Prezidentinin baş müşaviri Tomoyuki Kimura fikir mübadiləsi aparıb və BICFIT-in vaxtında irəli sürülmüş qlobal səviyyədə böyük ehtiyac duyulan innovativ təşəbbüslər barədə danışılıb.
BMT-nin İnkişaf Proqramının Dayanıqlı Maliyyə Habının rəhbəri Tomas Beloenun moderatorluğu ilə "İnklüziv iqlim maliyyəsinin təmin edilməsi" mövzusunda təşkil edilən ikinci paneldə Avropa Yenidənqurma və İnkişaf Bankının İqlim Steategiyası bölməsinin rəhbəri Gianpiero Nacci, "Fortescue Metals and Fortescue Future Industries" şirkətinin Direktorlar Şurasının üzvü Jan Baderschneider, "Veritas" Qrup şirkətinin dayanıqlılıq bölməsinin rəhbəri Laure Mandrou, ABŞ-də yerləşən strateji və beynəlxalq məsələlər üzrə beyin mərkəzinin direktoru Noam Unger və "Bil and Melinda Qeyts" Fondunun nümayəndəsi Mat Eldrig çıxış ediblər.
Çıxışlarda iqlim maliyyəsində innovativ yanaşmaların müəyyən edilməsində və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyindən bəhs edilib.
Hər iki panelin sual-cavab hissələrində də fəal müzakirələr aparılıb. Qeyd olunub ki, bu qlobal təşəbbüslərin mahiyyəti ondan ibarətdir ki, ilk dəfə iqlim maliyyəsi, investisiya və ticarət bir araya gətirilir və COP29 Prezidentliyi tərəfindən dünya üçün vacib qlobal irs yaradacaqdır.