Bakı. 11 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün işə başlamış və sabah başa çatacaq ticarət-iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyasının 5-ci iclasında iştirak etmək üçün Nyu Dehlidə səfərdədir.
Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.
Komissiyanın Hindistan tərəfdən həmsədri isə bu ölkənin ticarət və sənaye naziri cənab Suresh Prabhudur.
İclasda bir sıra məsələlərin, o cümlədən qarşılıqlı ticarət və investisiya qoyuluşu, nəqliyyat və yük daşınması, energetika, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq məhsullarının istehsalı, ərzaq təhlükəsizliyi, ərtaf mühitin mühafizəsi, turizm, mədəniyyət, səhiyyə və əczaçılıq, kosmik sahələrdə əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir. Tərəflər həmçinin Hindistanın qərb limanlarını İran limanları vasitəsilə Azərbaycan və Rusiyaya birləşdirəcək Şimal-Cənub Nəqliyyat Dəhlizinin (BŞCND) inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacaq.
Xatırladaq ki, Hindistanla Azərbaycan arasında sıx dostluq əlaqələri mövcuddur. Hindistan Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdəndir. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Hindistanın ONGC Videsh şirkəti Azəri-Çıraq-Günəşli (AÇQ) neft yatağında və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərində pay sahibidir.