Bu gün Yellax şəhərində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin KOB evi fəaliyyətə başlayıb.
Bu barədə "Report"a Nazirlikdən bildirilib.
Məlumata görə, bununla bağlı keçirilən tədbirdə iştirak edən nazir Mikayıl Cabbarov, Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev “Yevlax KOB evi”ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərlə, KOB evinin foyesində təşkil edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də ailə təsərrüfatlarının məhsullarından və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
O.Məmmədov məlumat verib ki, Agentlik ölkənin şəhər və rayonlarında KOB evləri yaradır. “Yevlax KOB evi” artıq binesin istifadəsinə verilən sayca 2-ci KOB evidir. KOB evləri sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından effektiv mexanizmdir. KOB evlərinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Bu, sahibkarların vaxta və xərclərə qənaət etməsinə, onların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.
“Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək. Burada həmçinin özəl qurumlar bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər. Ümumilikdə “Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən artıq xidmət göstəriləcək. KOB evlərinin fəaliyyəti ilə bağlı artıq müsbət təcrübə də vardır. Belə ki, 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində fəaliyyətə başlamış ilk KOB evində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98% təşkil edir. 2020-ci ildə “Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektlərinə 21 minə yaxın xidmət göstərilib.
“Yevlax KOB evi”ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur. Qeyd edək ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində olmaqla, indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il 1200-dək KOB subyekti, startap və biznesə başlamaq istəyən potensial sahibkarlar KOBİM-lərin təlimlərindən, məsləhət və digər xidmətlərindən yararlanıblar. Yevlax KOB İnkişaf Mərkəzində də digər KOBİM-lər kimi, KOB subyektlərinə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilır, məsləhət və digər xidmətlər göstərilir.