Vüsal Qasımlı: “İqtisadiyyatımız qeyri-neft sektorunun drayverliyi ilə böyüyür"

Vüsal Qasımlı: “İqtisadiyyatımız qeyri-neft sektorunun drayverliyi ilə böyüyür" "Azərbaycanda iqtisadi artım tempi aybaay sürətlənir".
Biznes
15 Oktyabr , 2021 15:08
Vüsal Qasımlı: “İqtisadiyyatımız qeyri-neft sektorunun drayverliyi ilə böyüyür

"Azərbaycanda iqtisadi artım tempi aybaay sürətlənir".

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Bu ilin ilk 9 ayında Azərbaycanda 6,2% böyümüş qeyri-neft sektorunun drayverliyi ilə 4,8% iqtisadi artım qeydə alınıb. Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycan iqtisadiyyatının bu il 3% artmasını proqnozlaşdırır ki, bu da əvvəlki proqnozları üstələyir və milli iqtisadiyyata güvənin artmasını göstərir. Lakin milli iqtisadiyyatın artım tempi həm IMF-nin, həm də Dünya Bankının proqnozlarını əhəmiyyətli şəkildə üstələyir. Artıq Azərbaycanda iqtisadi artım tempi “Dünya iqtisadi icmalı”nda Orta Şərq və Mərkəzi Asiya üçün proqnozlaşdırılan 4,1%-lik həddi üstələyib”.

V.Qasımlı bunun əsas səbəbini yüksək sənayeləşmə tempində görür: “Azərbaycanda ÜDM istehsalının 40,1%-i sənayenin payına düşür. Bu da orta dünya göstərici 24,8%-dən əhəmiyyətli üstündür. Müqayisə üçün deyim ki, sənayenin ÜDM-də payı Mərkəzi Avropa və Baltik ölkələrində 27,2%, Avrozonada 21,5% və OECD ölkələrində isə 21,1%-dir. Azərbaycanda sənayenin strukturunda da qeyri-neft-qaz sektorunun xüsusi çəkisi daha sürətlə artır. Azərbaycan dördüncü sənaye inqilabının tələblərinə uyğun inkişaf edir”.

Onun sözlərinə görə, post-konflikt quruculuğu, həmçinin tədiyyə və icmal büdcə balanslarının profisiti şəraitində makroiqtisadi fundamental iqtisadi artımı stimullaşır: “IMF-nin proqnozlarına əsasən Azərbaycanın cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 2021-ci ildə 7,8% təşkil etməklə Orta Şərq və Mərkəzi Asiyanın eyniadlı göstəricisi – 1,7%-dən əhəmiyyətli şəkildə üstün olacaq. Proqnozlara görə Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti göstəricisinə görə 2021-ci ildə Orta Şərq və Mərkəzi Asiya bölgəsində ilk üçlükdə qərarlaşacaq.

Azərbaycan post-neft dövrünə hazırlaşsa da, hazırda enerji bazarlarında yaşanan problemlərin fonunda neft-qaz ixracatçısı statusunu inamla qoruyur və ciddi təhdidlərlə üzləşmiş Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir: “Dünyada təchizat zəncirlərində yaşanan problemlərin fonunda Azərbaycanın Şərq-Qərb dəhlizinin üzərində yeni bir arteriyanın – “Zəngəzur dəhlizi”ni gerçəkləşdirməsi təkcə ölkəmizin deyil, regionun iqtisadi artım potensialına töhfə verə bilər".

Son xəbərlər

Orphus sistemi