Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 22 % azalıb

Biznes
  • 25 may, 2024
  • 05:56
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 22 % azalıb

Bu ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 72 yeni şirkət yaradılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, yanvar-aprel aylarında yaradılmış şirkətlərin 11-i (illik müqayisədə 15,4 % az) səhmdar cəmiyyət (SC), 61-i isə (22,8 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 60,28 milyon türk lirəsi (1,808 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 34,5 % azdır. Bunun 78,7 %-ni və yaxud 47 milyon 442 min türk lirəsini (1,423 milyon ABŞ dolları; 22 % az) sırf Azərbaycan vətəndaşları təmin edib. Bu, 2023-cü ilin 4 ayı ilə müqayisədə 43,2 % azdır.

Təkcə apreldə isə Azərbaycan vətəndaşları Türkiyədə 22 şirkət (illik müqayisədə 4,3 % az) yaradıb. Yeni şirkətlərin 1-i SC (eyni), 21-i MMC (4,5 % az) olub.

Ümumi kapitalı 19,28 milyon türk lirəsi (578 min ABŞ dolları; 24,1 % çox) olan ortaq şirkətlərin kapitalının 98,2 %-i və yaxud 18,93 milyon türk lirəsi (568 min ABŞ dolları; 45,9 % çox) azərbaycanlılara məxsus olub.

1 türk lirəsi = 0,03 ABŞ dolları