Azərbaycanla Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələrin yaradılmasını nəzərdən keçirə bilər.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Sloveniya arasında 2024-cü ildə ticarət dövriyyəsi 30,8 milyon ABŞ dolları, ixrac isə 8,1 milyon ABŞ dolları təşkil edib: “Bununla belə, bu il ticarətdə nəzərəçarpacaq artımın şahidi oluruq. 2025-ci ilin ilk iki ayında ticarət dövriyyəsi 67 %, ixrac isə 66 % artıb. Bu, bu sahədə böyük artım potensialından xəbər verir".
Qeyd edək ki, biznes forum çərçivəsində B2B, B2G görüşləri keçirilib. Forum Azərbaycanın İqtisadiyyat və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman nazirliklərinin dəstəyi, AZPROMO və “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, İKT, tekstil, turizm, tikinti və maşınqayırma kimi sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndəsi iştirak edib.
Tədbir zamanı Azərbaycanın “Bestcomp Group” və Sloveniyanın “Kontron” şirkətləri arasında ticarət sazişi imzalanıb.