Tamerlan Tağıyev: "İnvestorlar üçün yaradılan şərait investisiyaların səmərəliliyini artırır"
- 23 dekabr, 2025
- 12:21
Azərbaycanda investorlar üçün yaradılan şərait investisiyaların səmərəliliyini artırır.
"Report" xəbər verir ki, bunu Türkiyədə Azərbaycanın ticarət nümayəndəsi Tamerlan Tağıyev Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, xüsusilə sənaye parklarında investisiya üçün uyğun torpaq sahələri formalaşdırılır və investorların istifadəsinə təqdim olunur: "Həmin ərazilərdə elektrik, təbii qaz, su, fiberoptik infrastruktur, daxili yollar və dəmir yolu bağlantıları kimi əsas infrastruktur elementləri dövlət tərəfindən təmin edilir. Bu yanaşma investorların ilkin xərclərini azaltmaqla yanaşı, istehsal prosesinə daha qısa müddətdə başlamağa imkan yaradır və investisiyaların səmərəliliyini artırır".
T.Tağıyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya fəaliyyəti həyata keçirən sahibkarlar üçün xüsusi təşviq mexanizmləri təklif olunur: "Azad edilmiş ərazilərdə fəaliyyət göstərən investorlar dövlət zəmanətli və faizləri subsidiyalaşdırılan kredit imkanlarından yararlana bilirlər. 2033-cü ilədək məcburi sosial sığorta haqlarının subsidiyalaşdırılması, eləcə də elektrik, təbii qaz və su xərclərinin 20 %-nin dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Müəyyən edilmiş sektorlar üzrə maşın, avadanlıq, xammal və materialların idxalında əlavə dəyər vergisi və gömrük rüsumlarından azadolmalar da tətbiq olunur. Bu təşviqlər işğaldan azad edilmiş ərazilərin iqtisadi cəhətdən sürətlə dirçəldilməsinə və yerli, eləcə də xarici investorların cəlb edilməsinə xidmət göstərir".