Son 2 ildə Şimal-Qərb rayonlarında torpaq qanunvericiliyinin pozulmasına dair 600-ə yaxın hal aşkar edilib
- 03 noyabr, 2023
- 13:34
2022-ci ildə və 2023-cü ilin yanvar-oktyabr aylarında Şəki, Qax, Balakən və Zaqatala rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 584 hal aşkar edilərək sənədləşdirilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 268 inzibati protokol tərtib edilib.
Bildirilib ki, Şəki, Qax, Balakən və Zaqatala rayonları üzrə ümumilikdə 355 116 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Kadastr uçotu işləri nəticəsində bələdiyyələrin, dövlət torpaqlarının sərhədləri müəyyənləşdirilib və adı çəkilən rayonlar üzrə 100 inzibati ərazi dairəsinin xəritələri hazırlanaraq Milli Məclisə təqdim edilib.
Dövlət Xidmətinin apardığı monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bu rayonlarda bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.