Martın 5-dən 25-dək Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə qonşu ölkənin Bryansk vilayətinin müəssisələrinin Azərbaycana onlayn ticarət missiyası həyata keçiriləcək.
Bu barədə “Report” nümayəndəlikdən bildirilib.
Məlumata görə, missiya Rusiya İxrac Mərkəzinin dəstəyi ilə baş tutacaq.
Martın 5-də işgüzar missiyanın iştirakçıları üçün məsləhətləşmələr aparılacaq, müəssisələrə Azərbaycanda tərəf-müqabil tapmaq və ölkədə bizneslə bağlı praktik tövsiyələr təqdim ediləcək.
İşgüzar missiyada nəqliyyat vasitələrinin ehtiyat hissələrinin istehsalı ilə məşğul olan, eləcə də tikinti və yol sənayesi üzrə müəssisələr iştirak edəcəklər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov bildirib ki, Bryansk bölgəsinin müəssisələrinin Azərbaycan bazarını fəth etmək üçün şansı var və bu işgüzar missiya iş adamlarına imkanlarını obyektiv qiymətləndirməyə və Azərbaycandakı tərəfdaşları üçün ən cəlbedici təklifi hazırlamağa imkan verəcək.
Bryansk Rusiyanın aqrar-sənaye komplekslərinin məhsullarının ixracında ən böyük artımı təmin edən 20 əsas bölgə sırasındadır. Son 6 ildə bölgənin kənd təsərrüfatı istehsalına payı 7%-dən 20%-ə çatıb.