Qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?

Qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək? Qızıl zinət əşyası olmaqla bərabər həm də yatırım vasitəsi kimi istifadə edilir.
Biznes
675
21 Yanvar , 2022 18:16
Qızıl bazarında vəziyyət: Qiymətlər necə dəyişəcək?

Qızıl zinət əşyası olmaqla bərabər həm də yatırım vasitəsi kimi istifadə edilir. Odur ki, qızıl zərgərlik məmulatı, sikkə, külçə və xammal formasında fiziki və elektron şəkildə qlobal və lokal bazarlarda ticarət edilir.

Qızılın əyarı Britaniya karat sistemi ilə ölçülür. 1 Britaniya karatı qızıl ərintisinin 24-də 1 hissəsinə bərabərdir. 24 karatlı qızıl (24K) xalis, yəni heç bir qatqısı olmayan qızıldır. Qızıldan müxtəlif məqsədlərlə istifadə zamanı onun bəzi xüsusiyyətlərini dəyişmək üçün tərkibinə müxtəlif qarışıqlar qatılan ərintilər hazırlayırlar. Məsələn, 18 karatlı qızıl ərintinin tərkibində 18 hissə (75 %) qızıl və 6 hissə qatqı olur.

Müşahidələr göstərir ki, Azərbaycanda insanlar zinət əşyası kimi əsasən 585 əyarlı, yəni 14 karatlı və 750 əyarlı, yəni 18 karatlı qızıla üstünlük verir. Sikkə və külçə halında isə adətən 999 əyarlı, yəni 24 karatlı xalis qızıl satılır.

“Report” zinət əşyası və maliyyə aləti olaraq qızılın hazırkı qiymətlərini, alıcılıq qabiliyyətini araşdırıb, qızılın qiymətinin necə dəyişəcəyi barədə proqnozları öyrənib.

İqtisadçı ekspert Cəfər İbrahimli "Report"a açıqlamasında qeyd edib ki, qızıla tələb əsasən qlobal iqtisadiyyatlarda uzunmüddətli risklərin artdığı vaxt yüksəlir.

“Bu mənada qızıl risksiz bir maliyyə aləti hesab olunur. Bütün iqtisadiyyatlarda vəziyyətin necə olmasından asılı olmayaraq dünyanın mərkəzi bankları qızılı rezerv kimi saxlayır. Bu maliyyə aləti hər zaman alınıb-satıla bildiyi və qiyməti dayanıqlı olduğu üçün risksiz sayılır. Digər maliyyə alətləri dünyada böhran olduğu zaman dəyərini itirir. Məsələn, səhmlərin, istiqrazların qiyməti aşağı düşür. Qızıl isə hər zaman hamıya lazım olduğu üçün risksiz maliyyə aləti hesab olunur. Qlobal iqtisadiyyatlarda geriləmə ehtimalı olanda qızıl daha çox dəyərə minir. Çünki hər kəs digər maliyyə aktivlərində qiymət dəyişikliyi olduğu üçün onları satır və qızıl alır. Bu zaman qızıl bahalaşır”.

Ekspert qızılın hazırkı qiyməti və ona təsir edə biləcək amillərdən danışıb:

“Hazırda qızılın qiyməti 1 800 ABŞ dollarının üzərindədir. Dünya iqtisadiyyatında makroiqtsadi göstəricilərin pozulması fonunda bir mənfi tendensiya yaşanarsa, qızılın bahalaşma ehtimalı olar. Amma hələlik qızılın qiyməti 1 800 ABŞ dollarının üzərində dayanıb və baş verə biləcək prosesləri gözləyir. Görünən odur ki, qlobal iqtisadiyyatda bir mənfi hal olmayacaqsa, qızılın qiymətində də dəyişiklik gözlənilmir.

İndiki dövrdə dünyanın bütün ölkələrində ən ciddi problemlərdən biri də inflyasiya gözləntiləridir. Xüsusən qida məhsullarının qiyməti çox yüksəlib. Belə olanda iqtisadiyyatda yarana biləcək mənfi halların qarşısını almaq üçün mərkəzi bankların kredit siyasətini dəyişəcəyi gözlənilir. Bu siyasətin dəyişəcəyi zaman qlobal iqtisadiyyatlarda aktivlik azalacaq. Amma bu azalma hələ qızıla yönəlmək demək deyil. Yəni qızıla o vaxt daha çox üz tutulur ki, iqtisadiyyatda imkanlar daha çox daralsın. Hazırkı bəyanatlar əsasında gözlənilən odur ki, ABŞ və Avropa ölkələrinin mərkəzi bankları tərəfindən inflyasiyanın tənzimlənməsi üçün qərarlar olacaq. Yəni faizləri artıracaqlar və pul-kredit siyasətində dəyişiklik ediləcək, sərt pul-kredit siyasətinə keçiləcək. Belə qərarlar verilərsə, dərhal qızıla tələbatın artacağını deyə bilmərik. Bunlar bir tənzimləmə qərarıdır. Bu qərarlardan sonra iqtisadiyyatda böyümə azalarsa, ÜDM-in artım tempi kəskin enərsə, iqtisadiyyatlar üçün bir təhlükə görünərsə, qızıla yönəlmə ola bilər. Bu il ərzində qızılın qiymətində sərt dəyişikliklərin olacağı gözlənilmir”.

C.İbrahimli bildirib ki, Azərbaycanda son 10 ildə qızılın elektron ticarətinə maraq artıb:

“Dünyanın hər yerində qızılın ən böyük investorları suveren fondlar və məzkəzi banklardır. Bir də məsələn, Hindistan kimi ölkələrdə fərdi şəxslərin qızıla düşkünlüyü daha çoxdur. Yəni yığım kimi vəsaitlərini saxlamaqda qızıldan istifadə edirlər. Azərbaycanda insanların çoxu qızıla yatırım vasitəsi kimi yox, zinət əşyası kimi yanaşır. Bizdə fiziki şəkildə qızılı almaq da o qədər sərf eləmir. Çünki burda daşıma, gediş-gəliş, vergi və gömrük xərcləri var. Bu xərclərlə birlik qızılın dünya bazarında qiyməti həmişə yüksək olur. Lakin dünyada investorlar qızılı elektron ticarət sistemləri vasitəsilə dünyanın fond birjaları üzərindən alıb depozitarilərində saxlayırlar. Bu prosesdə əlavə xərc də olmur. Nə vaxt da lazım olsa, onu sata bilərlər. Elektron birjalarda qızıl dünya bazarında olan qiymətlə alınıb-satılır. Biz də investorlara bu cür ticarət etməyi təklif edirik. 10 il əvvəlki dövrlə müqayisədə bu gün Azərbaycanda qızıla elektron şəkildə almağa kifayət qədər maraq var”.

Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev “Report”a bildirib ki, Azərbaycanda zərgərlik məmulatlarının satışında pandemiya ilə başlayan böhran hələ də davam edir:

“2021-ci ilin iyunun 10-dan etibarən ticarət mərkəzləri açıldı və həmin ərəfədə toy məclislərinin təşkilinə də icazə verildi. Lakin hələ də zərgərlik məmulatlarının satışında pandemiya ilə yaranan böhran müəyyən formada davam edir. Yəni alıcılıq qabiliyyəti hələ pandemiyadan öncəki dövrə qayıtmayıb. Yəqin ki, bu toyların hələ də məhdud sayda iştirakçı ilə keçirilməsi, ölkəyə turist gəlişinin hələ də kifayət qədər olmaması kimi səbəblərlə bağlıdır. Bununla belə son bir ildə bazarda müsbət amillər də oldu. 2021-ci il yanvarın 1-dən Azərbaycan idxal olunan qızıldan və gümüşdən hazırlanmış zərgərlik məmulatları gömrük rüsumu və aksiz vergisindən üç il müddətinə azad olunub. Bundan əlavə ölkə daxili qranul şəklində qızılın satışı və üç il müddətinə Azərbaycana qızıldan və gümüşdən hazırlanan zinət əşyalarının istehsalı üçün avadanlıq və dəzgahların gətirilməsi də ƏDV-dən azad olunur. Düzdür, bu avadanlığı gətirən şəxs İqtisadiyyat Nazirliyindən təsdiqedici sənəd almalıdır. Biz üzvlərimizə bu sənədin alınması üçün şərait yaradırıq”.

T.Abbasquliyev bildirib ki, qızılın zərgərlik məmulatı kimi qiymətində ciddi dəyişiklik yoxdur:

“2019-cu ilin sonunda bir qram qızılın xammal olaraq birjada qiyməti 38-40 ABŞ dolları civarında idi. 2020-ci ilin əvvəlindən qızılın qiyməti qalxmağa başladı. Keçən il üzrə qiymətlər 58-62 ABŞ dolları civarında oldu. Bu gün qızılın qiyməti 58 ABŞ dollarına yaxındır.

Zinət əşyası olaraq qızılın qiymətində ciddi dəyişiklik yoxdur. Gömrük və veri güzəştləri oldu. Amma qızılın xammal olaraq qiyməti qalxdığından qiymətlər əvvəlki səviyyədədir. 585 əyarlı qızılın bir qramı təqribən 34 -35 ABŞ dolları, işçilik haqqı isə təqribən 10-15 ABŞ dollarıdır. İşçiliyi haqqı işin çətinliyinə görə yüksək məbləğlərə qədər dəyişə bilir. Yəni 585 əyarlı qızılın fabrik qiyməti təqribən 80-110 manat arası formalaşır. 750 əyarlı qızılın fabrik qiymətləri 100 manat və daha yuxarıdır".

Onun sözlərinə görə, 999 əyarlı qızıl külçə və sikkə halında satılır: "Azərbaycan bazarında digər ölkələrin də sikkə və külçələri var. Amma onların bazar payı çox aşağıdır. Daha çox bazar payı “Azergold”a məxsusdur”.

Son xəbərlər

Orphus sistemi