Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək.
“Report” xəbər verir ki, Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 %-ini Özbəkistan, 50 %-ini Azərbaycan yatıracaq.
“Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi Füzuli rayonunda Köndələnçayın yanında, Füzuli Beynəlxalq Hava Limanına yaxın yerdə yerləşəcək. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır.
Bağda müxtəlif növ meyvə ağacları, o cümlədən Özbəkistandan gətirilmə meyvə ağaclarının əkilməsi nəzərdə tutulub. Layihənin növbəti mərhələsində bağların genişləndirilməsi və məhsulların dərin emalının qurulması nəzərdə tutulur. Həmçinin gələcəkdə istehsalatın genişlənməsi çərçivəsində digər yeni fəaliyyət sahələri də yaradıla bilər. Bağçılıq fəaliyyəti nəticəsində əldə olunan məhsulların ilkin olaraq Azərbaycan və Özbəkistan bazarına çıxarılması, daha sonra digər bazarlara birgə ixracı planlaşdırılır.
Həmçinin, digər Özbəkistan şirkəti isə Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlayıb. Bu məqsədlə Özbəkistanın “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi "TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.
Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrinin daxil olduğu pambıqçılıq klasterinin yaradılması layihəsinin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.