Azərbaycanda KOB sektorunda “yaşıl siyasət” və strategiyaların geniş tətbiqi üçün əhəmiyyətli potensial olsa da onu reallaşdırmaq üçün bir sıra çətinliklər var.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
"Nəticə etibarilə, biz KOB-ların “yaşıl iqtisadiyyat”da rolunun artırılmasında üzləşdiyi problemləri üç əsas istiqamətə təsnif edə bilərik. Bura məlumat və bilik çatışmazlığı, aşağı potensial və bacarıqlar və nəhayət, maliyyə resurslarına məhdud çıxış daxildir. Bu çağırışlar fonunda biz “yaşıl iqtisadiyyat”da KOB-ların rolunu artırmaq və “yaşıl keçid”i təşviq etmək üçün mövcud dəstək infrastrukturu və mexanizmləri üzərində işləyirik. Bu məqsədlə biz KOB-lar üçün vahid dəstək xidmətləri modelini tətbiq edirik",- deyə o qeyd edib.
O. Məmədov bildirib ki, qısamüddətli məqsədlərindən biri həm yerli, həm də beynəlxalq səviyyədə ilk təcrübə kimi Yaşıl Biznes Standartını inkişaf etdirməkdir: "Biz artıq bu sahədə tərəfdaşlarımızla işləyirik. İnanırıq ki, bu standart “yaşıl biznes” konsepsiyasının spesifik çərçivəsini müəyyən etmək, sistemli addımlar atmaq, təşviq mexanizmlərini tətbiq etmək və son nəticədə hərtərəfli “yaşıl idarəetmə” sisteminin tətbiqi üçün istinad olacaq".