Azərbaycan sahibkarları ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəallıq göstəriblər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunma mərasimində bildirib.
Onun sözlərinə görə, özəl sektor bu möhtəşəm tədbirin işinə, ölkəmizin beynəlxalq əməkdaşlığının daha da gücləndirilməsinə töhfəsini verib: "İqtisadiyyat Nazirliyi olaraq, bu sahədə sahibkarlarla işbirliyinin gücləndirilməsinə önəm veririk. İl ərzində iqtisadiyyat nazirinin iştirakı ilə sahibkarlarla bir sıra tədbir və görüşlər keçirilib. Bu prosesdə nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də kifayət qədər fəaldır. Biznes və dövlət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq müxtəlif mövzularda müzakirələr təşkil olunur, mühüm ideya və təkliflər səsləndirilir, onların reallaşdırılması yönündə addımlar atılır".