Mənzillərin qiymətində bahalaşma davam edir

Mənzillərin qiymətində bahalaşma davam edir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 6,94 % artıb
Biznes
20 Mart , 2021 13:56
Mənzillərin qiymətində bahalaşma davam edir

Ötən il pandemiya ilə əlaqədar tətbiq edilən sərt karantin rejimi dövründə əksər sahələr kimi daşınmaz əmlak bazarında da kəskin geriləmə yaşandı. İctimai iaşə obyektlərinin bağlanması, müxtəlif iş yerlərində tam və ya qismən məhdudiyyətlərin tətbiqi, nəticədə insanların maddi rifahında yaranan geriləmə, mənzillərin, kommersiya obyektlərinin, fərdi yaşayış və bağ evlərinin alqı-satqı və kirayəsinə də təsir etdi. Xüsusən təhsil müəssisələrinin bağlanması, bölgələrdən paytaxtda girişə qoyulan məhdudiyyətlər yaşayış sahələrinin kirayəsi ilə bağlı dinamikliyi xeyli aşağı saldı. Bu il məhdudiyyətlərin bir qədər yumşaq şəkildə tətbiqinin davam etdirilməsi iqtisadiyyatın digər sektorları kimi, daşınmaz əmlak bazarı üçün də bir sıra ümidlər doğurur.

"Report" bu ilin fevral ayında daşınmaz əmlak bazarında hadisələrin necə cərəyan etdiyi, qiymətlər və alıcılıq qabiliyyətində hansı dəyişikliklərin olduğu barədə ekspertlərin fikrini öyrənib.

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov "Report"a açıqlamasında bildirib ki, fevral ayında daşınmaz əmlak bazarında yanvar ayına nisbətən 3,53 % qiymət artımı olub:

“İlkin mənzil bazarında qiymətlər ay ərzində 0,22% azalıb, il ərzində isə 3,96% bahalaşıb”

Nüsrət İbrahimov

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru

“2020-ci ilin müvafiq dövrü ilə müqayisədə qiymətlər 6,94 % artıb. Fərdi yaşayış və bağ evlərinin qiymətində ay ərzində 1,43 % artım, il ərzində isə 8,89 % artım müşahidə edilib. Qeyri-yaşayış sahələrinin icarəsi bazarında ay ərzində qiymət dəyişməyib, il ərzində isə qiymətlər 11,97 % azalıb. Kommersiya obyektlərinin satışı bazarında qiymətlərdə ay ərzində 0,6 %, il ərzində isə 3,77 % artım olub.

N.İbrahimov fevral ayında mənzil bazarında da qiymətlərin dəyişkən olduğunu qeyd edib:

“Mənzillərin kirayəsi bazarında qiymətlərdə ay ərzində 3 %, il ərzində 7,86 % azalma, torpaq bazarında ay ərzində 2,14 %, il ərzində 5,5 % artım nəzərə çarpıb. İlkin mənzil bazarında qiymətlər ay ərzində 0,22 % azalıb, il ərzində isə 3,96 % bahalaşıb. Təkrar mənzil bazarında isə qiymətlərdə ay ərzində 0,79 %, il ərzində isə 8,11 % artım qeydə alınıb”.

“Bu ilin fevral ayında yanvar ayı ilə müqayisədə daşınmaz əmlak bazarında alıcılıq qabiliyyəti təqribən 4,3 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə alıcılıq qabiliyyəti aşağı düşüb”, - deyə N.İbrahimov əlavə edib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu ilin yanvar-fevral aylarında çıxarışlı mənzillərə tələbat çox olub:

“Bu ilin sonu, gələn ilin əvvəlinə qədər qiymətlərdə artım olacaq”

Elnur Fərzəliyev

Daşınmaz əmlak üzrə ekspert

“Bu ilin yanvar-fevral aylarında yenilik o oldu ki, ipoteka kreditləri verildi. Nəticədə qiyməti 100-150 min manat arasında olan evlərə tələbat artdı. Kirayə mənzil bazarında isə elə bir dəyişiklik yoxdur. Bəzi restoran və digər obyektlərin fəaliyyətinə icazə veriləndən sonra bölgələrdən insanlar iş məqsədilə paytaxta gəldilər. Belə olduqda ucuz evlərə tələbat artdı. Amma bahalı evlər boş vəziyyətdə qaldılar. Yeni tikili binalarda da bahalı mənzillər boş qalıb. Bəziləri isə ofis kimi minimal qiymətlə kirayəyə verilib.

Düşünürəm ki, bu ilin sonu, gələn ilin əvvəlinə qədər qiymətlərdə artım olacaq. Xüsusən yeni tikilmiş binalarda qiymətlər artacaq. Çünki binalar artıq əvvəlki kimi tikilmir. Əvvəl təklif çox, tələb az idi. İndi tələb var, amma təklif yoxdur. Çünki tikilən binaların əksəriyyəti satılıb və çox az sayda binalar tikilib. Tikilən binalarda qiymətlər əvvəlkilərə nisbətən çox bahadır. Çünki bunların tikinti xərcləri çox baha başa gəlir. Tikintiyə yararlı torpaq sahələrinin olmaması, olan torpaqların qiymətlərini həddindən artıq baha olması və tikinti materiallarının da qiymətinin bir il ərzində artması buna təsir edir”.

Ekspert daha çox hansı qiymətə olan mənzillərə tələbat olduğunu da bildirib:

5-6 il bundan əvvələ qədər köhnə binalarda bir və iki otaqlı, hətta qiyməti 50-80 min manat arasında dəyişən mənzillər daha çox satılırdı. İndi xırda məbləğli mənzillərə tələbat çox azdır. Yeni tikili binalarda üç və kiçik kvadratlı dörd otaqlı mənzillərin satışları var. Söhbət qiyməti təxminən 200-300 min manat arası olan mənzillərdən gedir. Burda da binanın şəhərin hansısa hissəsində yerləşməsi önəmlidir. Amma bu mənzillərin də satışı əvvəlki kimi çox deyil. Bir də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzilləri satılır. Lakin onların satışından bizim məlumatımız olmur. Bəzi tikinti şirkətləri də mənzilləri daxili uzunmüddətli kreditlərlə satırlar. Onların da satışı sürətlə gedir. Çünki adamlar kreditə daha çox üstünlük verirlər. Heç kəs cəm şəkildə pulunu əlindən çıxartmaq istəmir. Çox adam kreditlə mənzil alıb kirayəyə verir. Amma sərt karantin qapanmaları dövründə həmin mənzillər üzrə çox ciddi problemli kreditlər əmələ gəldi”.

Son xəbərlər

Orphus sistemi