“Azərbaycanda özəl uşaq bağçaları üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda, bir çox uşaq mərkəzləri faktiki olaraq bağça fəaliyyəti göstərir”.
"Report" xəbər verir ki, bunu KOBİA və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Bəzi hallarda bu, özəl məktəbəqədər təhsil müəssisəsi üçün lisenziya alınan zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənən təhsil müəssisələrinin tikintisi, maddi-texniki təchizatına dair tələblərin mürəkkəbliyi kimi də başa düşülə bilər. Həm də sahibkarlar bəzi hallarda bu tələblərin mövcud imkanlar baxımından çətinlik yaratdığını qeyd edirlər. Buna görə də aidiyyəti qurumlar tərəfindən bu normativlərə yenidən baxılmasını təklif edirik.
Sənayeləşmə və rəqəmsallaşdırma sahəsində sürətli inkişaf kiberfiziki sistemlər, əşyaların interneti, 3D-çap, süni intellekt və maşın təlimi də daxil olmaqla, yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olub. Əvvəlki sənaye inqilablarının istehsal prosesində xammalı əsas hesab etməsinə baxmayaraq, 4-cü Sənaye inqlabı innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verir.
Təhsildə fərdiləşdirmə, elektron təhsil, oyun tipli, mobil əlaqə, uyğunlaşma, öyrənmə analitikası metodu, ağıllı teletyutorlar və e-qiymətləndirmə kimi mühüm aspektlərə diqqət yetirməyin vacibliyi önə çəkilməli və “ağıllı” təhsil metodlarının tətbiqinə geniş yer verilməlidir”, - deyə o, qeyd edib.