Azərbaycan hökuməti orta və uzunmüddətli baxışında “yaşıl artım”ı inkişaf xətti olaraq müəyyənləşdirib.
"Report" xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bu gün Bakıda keçirilən “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" ölkəni “yaşıl artım” ölkəsinə çevrilməyi hədəfləyir: “Bu, yalnız hədəf deyil, konkret tədbirlər olaraq artıq icra olunmağa başlayıb. Tədbirdə də vurğulanıb ki, KOB-lar emissiyaların 50 %-ini əhatə edir. Bu, kifayət qədər böyük bir rəqəmdir. Deməli, KOB-lar bu emissiyanın azaldılması istiqamətində və ümumi dekarbonizasiyaya töhfə verə bilər. KOB-lar məşğulluğun 70 %-ini təşkil edir. Burada yaranan risklər qlobal olaraq məşğul əhalinin iş yerini itirmə təhlükəsi ilə üz-üzə qoya bilər. Məşğulluq ümumi daxili məhsula (ÜDM) təsir edir”.
Onun fikrincə, Dünya Bankı hesab edir ki, iqlim dəyişikliyi 2050-ci ilə qədər qlobal ÜDM-ni 1,5-3 % arasında azalda bilər: “Bu, kifayət qədər ciddi rəqəmdir və ÜDM-nin azalması dünyada iqtisadi aktivliyin azalmasına səbəb olur. Bu özünü məşğulluqda, yoxsulluq riskinin artması faktorunda göstərəcək".