Gürcüstan ötən il Azərbaycana rekord həddə tekstil məmulatları tədarük edib
- 22 yanvar, 2024
- 09:31
Ötən il Gürcüstan Azərbaycana 19,6 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 15 ilin rekord göstəricisidir, eyni zamanda 2022-ci illə müqayisədə 38 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 231 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 3,7 % azdır. O cümlədən, Gürcüstandan Türkiyəyə 120,4 milyon ABŞ dolları dəyərində, Ermənistana 43 milyon ABŞ dolları dəyərində, Polşaya 11,2 milyon ABŞ dolları dəyərində, İtaliyaya 7,8 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 240 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 14,2 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan adıçəkilən məhsulların tədarükünə çəkdiyi xərci 6,4 % azalıb.