Hazırda dünyada "yaşıl iqtisadiyyat"ın formalaşması zərurəti yaranıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri Şahin Sadıqov Bakıda "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.
Onun sözlərinə görə, süni intellekt və rəqəmsal platformaların inkişafı yeni sənaye inqilabına səbəb olub: "Bu, ticarət və biznes münasibətlərinin dəyişməsi ilə də nəticələnib. Yəni ənənəvi iqtisadi prinsiplər yeniləri ilə əvəzlənib, innovasiyalar iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevrilib. Nəticədə hazırda dünya ölkələrində "yaşıl iqtisadiyyat"ın formalaşması zərurəti yaranıb. Resurs əsaslı iqtisadi sistemlər öz yerini rəqəmsal, yaşıl, bilik və məlumat əsaslı iqtisadi modellərə verib. Bu mənada 545 milyon əhalisi olan İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin böyük potensialı var".