Qazaxıstanda antiinhisar nəzarəti sərtləşdiriləcək

Biznes
  • 29 oktyabr, 2026
  • 10:14
Qazaxıstanda antiinhisar nəzarəti sərtləşdiriləcək

Qazaxıstanın Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi antiinhisar qanunvericiliyinin daha sərt tətbiqinə keçidi və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələrinin tətbiq olunmasını nəzərdə tutan qanunvericilik düzəlişləri zərfini formalaşdırıb.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Agentliyin sədrinin müavini Bolat Sambetov MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında bildirib.

Onun sözlərinə görə, OECD-in 23 tövsiyəsini əhatə edən düzəlişlər zərfi antiinhisar orqanının işində bir sıra əsaslı dəyişiklikləri nəzərdə tutur: "Birincisi, araşdırma müddətlərinin üç aydan doqquz aya qədər (daha üç ay uzadılma imkanı ilə) artırılması ilə sərt hüquq tətbiqinə keçid planlaşdırılır. Bu, dərin sübutlar bazasının formalaşdırılması və keyfiyyətli ekonometrik analizin aparılması üçün zəruridir. İkincisi, dövriyyə cərimələri mexanizmi tətbiq edilir. Mövcud sabit cərimələr səmərəsiz hesab edilib, bununla əlaqədar hüquqpozanın illik gəlirinin 0,5 %-i miqdarında cərimə sanksiyalarının müəyyən edilməsi barədə düzəlişlər hazırlanıb".

B.Sambetov qeyd edib ki, üçüncüsü isə məsuliyyətdən azadolma proqramı transformasiya edilir: "Yeni normalar pozuntu barədə könüllü məlumat verən və onun törədilməsi faktını etiraf edən kartel sövdələşməsinin ilk iştirakçısına tam toxunulmazlıq zəmanəti verir. Dördüncüsü, bildirişlər sisteminin optimallaşdırılması aparılır: "yumşaq hüquq"un təsiri altına düşən pozuntuların siyahısı azaldılır, hüquqpozmaların təkrar törədilməsi müddəti isə bir ildən iki ilə qədər artırılır. Bundan əlavə, qurumun uzunmüddətli strategiyasına altıncı antiinhisar paketi daxildir ki, onun da mühüm tərkib hissəsi rəqəmsal platformaların və iri ticarət şəbəkələrinin tənzimlənməsi, həmçinin onların dominant mövqeyinin müəyyən edilməsinə dair məsələlərin hazırlanması olacaq".

44 filmi