“Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası olub

“Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası olub ​​​​​​​Heydər Əliyev Fondu və BP şirkəti Azərbaycanın qədim və zəngin tarixini və mədəniyyətini təbliğ edən yeni bir filmi dünən ictimaiyyətə təqdim ediblər
Biznes
30 Sentyabr , 2022 14:18
“Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası olub

Heydər Əliyev Fondu və BP şirkəti Azərbaycanın qədim və zəngin tarixini və mədəniyyətini təbliğ edən yeni bir filmi ictimaiyyətə təqdim edib.

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondu və BP-nin birgə dəstəyi ilə ərsəyə gəlmiş “Dünya xəzinələri – Azərbaycan” adlı filmin premyerası Heydər Əliyev Mərkəzində təxminən 1 000 nəfərlik auditoriyanın iştirakı ilə baş tutub.

Film Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixi və mədəni irs xəzinələrini təqdim edir və Azərbaycanın misilsiz mədəni irsinin beynəlxalq miqyasda təbliğinə növbəti bir töhfədir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bildirib ki, bu, çox sayda insanın dəstəyi ilə ərsəyə gəlmiş möhtəşəm bir filmdir: “Azərbaycanın mədəni irsinin bu cür tədqiq edilməsi və dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan bütün insanlara minnətdarlığımızı bildiririk. Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə hökumət, SOCAR və tərəfdaşlarımızla birlikdə əldə etdiyimiz möhtəşəm nailiyyətlərə bir daha nəzər saldığımiz bir vaxtda, Azərbaycanın beynəlxalq miqyasda təbliğinə bu böyük töhfəni verə bilməyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, milyonlarla insan Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin bir incisi kimi təqdim edən bu filmdən böyük zövq alacaq”.

Filmin müəllifi tarixçi, yazıçı, aparıcı və möhtəşəm “Dünya Xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur. Professor Hyuz ölkəmizin tarixini və mədəniyyətini araşdırmaq və özünün əsrarəngiz filmlərindən birini Azərbaycanın möcüzəvi mədəniyyət xəzinəsinə həsr etmək üçün iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər aparmışdı.

Film artıq BBC telekanalı vasitəsilə “İpək Yolu” və ”Odlar Yurdu” adlanan iki hissədə beynəlxalq ictimaiyyətə çatdırılıb. Azərbaycan auditoriyası üçün bp və Heydər Əliyev Fondu filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını hazırlayıb və onu ictimai yayım üçün yerli telekanallara təqdim etməyi planlaşdırır.

Heydər Əliyev Fondu və BP-nin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Layihənin ümumi dəyəri 300 000 funt sterlinqdir.

Son xəbərlər

Orphus sistemi