Çijikov: “Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır”

Çijikov: “Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır” Ukrayna müharibədən sonra ölkənin bərpasında və birgə müəssisələrin yaradılmasında Azərbaycan şirkətlərinin iştirakına ümid edir.
Biznes
2 Oktyabr , 2024 15:10
Çijikov: “Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır”

Ukrayna müharibədən sonra ölkənin bərpasında və birgə müəssisələrin yaradılmasında Azərbaycan şirkətlərinin iştirakına ümid edir.

Bunu "Report"a müsahibəsində Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov bildirib.

“Müharibədən əvvəl Azərbaycan Ukraynada ticarət, tikinti, enerji və neft emalı sahələrinə 1 milyard ABŞ dollarından çox sərmayə qoyub, 140-dan çox şirkət açılıb”, – o deyib.

G.Çijikov həmçinin qeyd edib ki, Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır. “Biz bir neçə sahədə əməkdaşlığa çox ümid edirik. Ümumiyyətlə, enerji, kənd təsərrüfatı məhsullarının emalı, əczaçılıq, maşınqayırma və informasiya texnologiyaları sahələrinə maraq var. Düşünürəm ki, bu, perspektivləri haqqında məmnunluqla danışa biləcəyimiz, o cümlədən birgə müəssisələri də əhatə edən istiqamətlərdir”, - o vurğulayıb.

Palata prezidentinin sözlərinə görə, Ukrayna, həmçinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinə başlayıb və Azərbaycan məhsullarının Avropa bazarına çıxışını asanlaşdıra bilər.

“Bundan əlavə, Ukrayna öz enerji sistemini dəyişərək desentralizasiya edəcək. “Yaşıl enerji”yə də böyük investisiyalar qoyulacaq. Bunların hamısı hər kəs üçün böyük imkanlardır. Daha bir məqam - Ukrayna yenidən qurulacaq və bunun üçün tikinti materialları tələb olunacaq. Bizdə bunlar var, sadəcə olaraq avadanlıqlara sərmayə yatıraraq istehsala başlamaq lazımdır. Ukraynalılar, həmçinin tekstil sənayesini çox sevir və biz bu istiqamətdə əməkdaşlıq edə bilərik”, – o əlavə edib.

Ukrayna şirkətlərinin Azərbaycanda aktiv fəaliyyətinə gəlincə, G.Çijikov əczaçılıq sahəsində əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

“Düşünürəm ki, bizim böyük perspektivlərimiz var. Eyni zamanda, Ukraynada aqrar sənaye də inkişaf edib. Bu, seleksiya, baytarlıq, yəni texnologiyaya malik olduğumuz sahələrdir. Biz birgə müəssisə vasitəsilə burada daha keyfiyyətli seleksiya materialı yarada bilərik”, - o əlavə edib.

“Biz həqiqətən istəyirik ki, əlaqələrimiz daha da intensiv şəkildə inkişaf etsin və məhz buna görə buradayıq. Mən azərbaycanlı həmkarlarımıza və dostlarımıza mesaj göndərmək istəyirəm. Müharibənin bitməsini gözləmək lazım deyil. Artıq dünyanın hər yerindən bizə gəlirlər. Məsələn, qonşunuz və tərəfdaşınız Türkiyə”, – G.Çijikov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi