Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib

Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Biznes
25 Aprel , 2023 13:50
Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib

Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əsası ulu öndər H.Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatıb.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin qüdrətinin artması, xalqımızın rifah səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsi inkişaf tariximizin yeni bir mərhələsinə qədəm qoymağımıza imkan yaradıb.

Yüksək texnoloji yeniliklərin müşahidə edildiyi, rəqabətin artdığı, beynəlxalq geosiyasi vəziyyətin kəskinləşdiyi dünyada Xalq-Dövlət, Sahibkar-Dövlət birliyinin önəmi daha da artır. Ümummilli lider H. Əliyevin siyasətinin ana xəttini təşkil edən milli birlik, ölkəmizin maraqlarının prioritet təşkil etdiyi müstəqil xarici və daxili siyasət indi də öz aktuallığını qoruyub saxlayır. Sizin H.Əliyev ideyalarına söykənərək atdığınız qəti addımlar və uzaqgörən siyasətiniz bugünkü uğurlarımızın özülünü təşkil edir. Digər sahələr kimi sahibkarlığa, özəl təşəbbüsə dəstəyiniz nəticəsində 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 84%, məşğulluqda isə 70%-i ötüb. Bu, Sizin də daima qeyd etdiyiniz kimi, sahibkarları sosial-iqtisadi inkişafın əsas lokomotivinə çevirib.

Ölkəmizdə sahibkarlığın inkişafından danışarkən H.Əliyevin bu sahədə xüsusi xidmətlərini bir daha qeyd etmək istərdik. Məhz ümummilli liderin rəhbərliyi altında Konstitusiya hazırlanıb, sənəddə xüsusi mülkiyyət və onun toxunulmazlığı, dövlətin sahibkarlığın inkişafında əsas vəzifələri təsbit olunub. Sahibkarlıq fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilib, ədalətli özəlləşdirmə və torpaq islahatları həyata keçirilib. Bütün bunlar ölkəmizdə sahibkarlığın hüquqi-institusional bazasının yaradılmasına səbəb olub.

Digər tərəfdən uzaqgörən neft strategiyası, müstəqilliyimizin ilk illərində Azərbaycanın dünyanın ən böyük dövlətləri və mötəbər transmilli korporasiyaları ilə imzaladığı “Əsrin müqaviləsi” ölkəmizi dünya iqtisadi xəritəsində önəmli mövqeyə yüksəldib, başda neft sektoru olmaqla, digər sahələrdə də xarici investisiyanın, texnologiya və bacarıqlar transferinə böyük imkanlar açıb. H.Əliyev dühası əsas sərvətimiz olan neftin Azərbaycan iqtisadiyyatının formalaşmasına və siyasi müstəqilliyin güclənməsinə xidmət göstərməsini təmin edib. Bütün Azərbaycanlılar kimi, bizim üçün də H.Əliyevin həyat yolu, şəxsiyyəti ən gözəl örnəkdir. Məhz bu örnək xalqa bağlılıq, dövlətçiliyə sədaqət, inkişaf və tərəqqi yoludur.

Möhtərəm cənab Prezident!

H.Əliyevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bir zamanda ulu öndərimiz Azərbaycan sahibkarları tərəfindən bir daha dərin hörmət və ehtiramla yad edilir.

Ümummilli liderin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırlar. Biz, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş Konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan sahibkarları daima dövlətin dəstəyini, qayğısını hiss edib və Sizin Fərmanınızla hər il 25 aprel tarixinin ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd edilməsi bizim üçün böyük bir bayrama çevrilib.

Sizə müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və xalqımızın əmin-amanlığı naminə ali fəaliyyətinizdə uğurlar arzulayırıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun!

Son xəbərlər

Orphus sistemi