Avqustun 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclası keçirilib.
“Report” Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.
Görüşdə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Bildirilib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələr strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmlənir.
Həmçinin vurğulanıb ki, çoxşaxəli strateji tərəfdaşlıq 260-dan çox imzalanmış sənədi özündə ehtiva edən samballı hüquqi baza ilə təmin olunub.
Onların arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə xüsusi yer tutur.
Rusiya Azərbaycanın üçüncü ən böyük, qeyri-neft ixracına görə isə birinci ticarət tərəfdaşıdır. 2023-cü ildə ticarət dövriyyəsi 17,5 % artaraq rekord həddə - demək olar ki, 4,4 milyard ABŞ dollarına çatıb. Həmçinin bu ilin I yarısında ticarət dövriyyəsi dinamik artım nümayiş etdirir.
Tərəflər investisiya sahəsində qarşılıqlı fəaliyyətdə müşahidə olunan müsbət artım dinamikasını məmnunluqla qeyd ediblər. Rusiya biznesinin Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş təmsil olunduğu vurğulanıb. Azərbaycan hökuməti rusiyalı investorların rahat fəaliyyəti üçün hər cür şərait yaradır.
Tərəflər sənaye əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, Azərbaycanın müxtəlif sənaye zonalarında dərman vasitələrinin birgə istehsalı, yük avtomobillərinin yığılması, yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın uğurlu nəticələrini qeyd ediblər. Bir sıra gəmiqayırma sahələrində əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.
Eyni zamanda, Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə investisiya qoyur. Rusiyanın regionlarında sanatoriya və turizm mərkəzlərinin, mehmanxana komplekslərinin, meyvə-tərəvəz konservləri və çay istehsalı zavodlarının tikintisi layihələri uğurla həyata keçirilir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın dinamikasından məmnunluq ifadə olunub. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları tədarük edən əsas ölkələrin onluğuna daxildir. 2023-cü ildə Rusiyaya meyvə və tərəvəz ixracı təxminən 9 % artıb.
Bildirilib ki, hər iki tərəf nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir. Ötən il iki ölkə arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 10 %-dən çox artıb. Bu il də müsbət tendensiya müşahidə olunur - ilin birinci yarısında artım 3 % təşkil edib.
Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin tapşırıqlarının icrası məqsədilə birgə işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Bildirilib ki, sözügedən iş avtomobil və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi və dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı üçün tərəflərin birgə səyləri ilə vəhdət təşkil edir.
Bu xüsusda Azərbaycan-Rusiya dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafına dair Yol Xəritəsinin əhəmiyyəti qeyd edilib.
Neft-qaz sektoru ikitərəfli əməkdaşlığın mühüm sahələrindən biri kimi səciyyələndirilib.
Bundan başqa, Rusiya turizm sektorunda da Azərbaycana gələn turistlərin sayına görə lider mövqe tutur. Ötən il Azərbaycana 630 mindən çox rusiyalı turist, 2024-cü ilin ilk 6 ayında isə 360 min turist səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Həmçinin qeyd olunub ki, humanitar əməkdaşlıq ənənəvi olaraq Azərbaycan-Rusiya münasibətlərinin əsas vektoru olaraq qalır.
Azərbaycan Respublikasında tədrisin rus dilində aparıldığı 324 məktəbdə 800 min şagird rus dilini ikinci xarici dil kimi öyrənir. Ölkədə uğurla fəaliyyət göstərən Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları da tələbələrə rus dilində yüksək keyfiyyətli təhsil almaq imkanı verir.
Tərəflər mədəni, elm və gənclər mübadiləsinin intensivləşməsini alqışlayıblar. İyun ayında Azərbaycanda Rusiya Mədəniyyəti Günləri böyük uğurla keçirilib.
İkitərəfli münasibətlərin mühüm tərkib hissəsinin hər iki dövlətin ən yüksək səviyyədə önəm verdiyi regionlararası əməkdaşlıq olduğu vurğulanıb.
Bu baxımdan tərəflər hərtərəfli əməkdaşlıq üçün özünü səmərəli platforma kimi təsdiq etmiş Azərbaycan-Rusiya Regionlararası Forumunun rolunu yüksək qiymətləndiriblər. Fevral ayında Stavropol diyarında 12-ci forum uğurla keçirilib.
Azərbaycanın regionları ilə Rusiya Federasiyasının subyektləri arasında mütəmadi olaraq yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər və qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
İclasın sonunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 22-ci iclasının Protokolunu imzalayıblar.