Azərbaycanda raritet avtonəqliyyat vasitələrinin və əntiq əşyaların idxalına vergi güzəştləri tətbiq olunacaq
- 13 oktyabr, 2026
- 13:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarla təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"na dəyişikliklər edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Həmin qərara uyğun olaraq, ölkədə vergi və gömrük sahəsi üzrə yeni güzəşt və azadolmalar təsbit olunub.
Belə ki, mövcud siyahıya Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında hər təqvim ili ərzində 1 ədəddən (ölkə miqyasında ümumilikdə 10 ədəddən) çox olmamaq şərti ilə raritet avtonəqliyyat vasitələrinin idxalı daxil edilib. Bundan əlavə, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Nazirlər Kabineti) tərəfindən təyin olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı da siyahıya əlavə olunub.
Qeyd edilən azadolmalar aksizləri, əlavə dəyər vergisini (ƏDV) və gömrük rüsumlarını əhatə edir, həmçinin müddət məhdudiyyəti nəzərdə tutulmur.