Azərbaycanda qızıl hasilatçısı “Libero Copper"də payını artırdı

Biznes
  • 29 yanvar, 2022
  • 06:50
Azərbaycanda qızıl hasilatçısı “Libero Copperdə payını artırdı

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo Asian Mining Plc” (AAM) şirkəti Kanadanın “Libero Copper & Gold” mineral kəşfiyyat şirkətində payını artırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, “Anglo Asian Mining Plc” bu investisiyanı Kolumbiyada yerləşən Mocoa yatağında kəşfiyyat işlərində istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Anglo Asian” ilkin olaraq abunə müqaviləsi çərçivəsində “Libero Copper & Gold”da 9,8 % paya sahib olmuşdu. Hazırda isə, şirkət “TSX Venture Exchange” tənzimləyicisinin təsdiqindən sonra “Libero”da əlavə 10 % pay əldə edib. Əməliyyat başa çatdıqdan sonra “Anglo Asian”, Şimali və Cənubi Amerikada bir neçə mis kəşfiyyat obyektinə sahib olan və ya satın almaq hüququna sahib olan “Libero”da 19,8 % paya sahib olacaq.

Açıqlamaya görə, “Anglo Asian Mining” Kanada şirkətindəki strateji payı 4,9 milyon ABŞ dollara (6,3 milyon Kanada dolları) əldə edib.

Bu satınalma “Anglo Asian Mining”in həm Azərbaycanda, həm də beynəlxalq miqyasda mis və qızıl mədənlərinin genişləndirmək səylərinin bir hissəsini təşkil edir.

Qeyd edək ki, ötən ilin sentyabr ayında “Anglo Asian Mining” Azərbaycanda ümumi sahəsi 882 km² olan üç yeni mədən konsessiyasını təmin etmişdi.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.