2026-cı ildə Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıq işlərinə artıq başlanılıb.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"Dünya Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın ən böyük beynəlxalq tədbiridir və hər iki ildən bir təşkil olunur. Forumun əsas koordinatoru BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı olan UN Habitat-dır. Hazırda UN Habitat ilə sıx əməkdaşlıq çərçivəsində forumun təşkilati məsələləri, proqramı, məzmunu və iştirakçılarla bağlı hazırlıq işləri görülür", - Komitə sədri deyib.
A. Quliyev əlavə edib ki, Dünya Şəhərsalma Forumu, BMT tərəfindən təşkil edilən ikinci ən böyük tədbir hesab olunur: "Bu il Bakıda keçirilən COP29 iqlim konfransında da şəhərsalma mövzusu əsas müzakirə mövzularından biri olub. Gələcək COP tədbirlərində də bu istiqamətdə işlər davam etdiriləcək.
2026-cı ilin may ayında Bakının ev sahibliyi edəcəyi Forum çərçivəsində bir sıra nazirlərin iclasları, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Hazırlıq işləri artıq koordinasiyalı şəkildə həyata keçirilir və tədbirin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirilir".
Qeyd edək ki, WUF13 forumu mayın 18-22-i tarixlərində keçiriləcək.