Azərbaycana daha bir ölkədən hibrid avtomobil idxalına başlanılıb

Biznes
  • 03 aprel, 2023
  • 06:19
Azərbaycana daha bir ölkədən hibrid avtomobil idxalına başlanılıb

2023-cü ilin yanvar ayında Azərbaycana xaricdən 21,1 milyon ABŞ dolları dəyərində 933 ədəd hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) avtomobil gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə çoxdur, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycan Almaniyadan 8,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 dəfə çoxdur) 131 ədəd (+19 dəfə), Yaponiyadan 4,7 milyon ABŞ dolları dəyərində (-38 %) 525 ədəd (-49 %), Amerika Birləşmiş Ştatlarından 2,9 milyon ABŞ dolları dəyərində (+39,2 %) 99 ədəd (+33,8 %), Çindən 2 milyon ABŞ dolları dəyərində 78 ədəd (bir il əvvəl tədarük olmayıb), Koreyadan 1,8 milyon ABŞ dolları dəyərində (+20 dəfə) 64 ədəd (+7 dəfə) hibrid avtomobil alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (81,6 min ABŞ dolları dəyərində 2 ədəd) hibrid avtomobil tədarükü həyata keçirilib.

Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycana idxal edilən (15 ölkədən) 11 min 337 ədəd hibrid avtomobilin 78,4 %-i Yaponiyanın payına düşüb.