Azərbaycan və Səudiyyə Ərəbistanı ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə edib.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində təşkil edilmiş görüşlərdə aparılıb.
M. Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl - Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb. Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin "yaşıl enerji" gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.