Umarali Raxmonaliyev: "Çempionlar Liqasında və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq"

Futbol
  • 26 oktyabr, 2026
  • 10:32
Umarali Raxmonaliyev: Çempionlar Liqasında və Premyer Liqada yaxşı nəticə üçün mübarizə aparacağıq

"Sabah" komandası UEFA Çempionlar Liqası və Misli Premyer Liqasında yaxşı nəticə qazanmaq üçün çalışacaq.

Bu barədə "Report"a Bakı təmsilçisinin futbolçusu Umarali Raxmonaliyev açıqlama verib.

23 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda sıx qrafikdə oynamağa öyrəşməlidir.

"UEFA Çempionlar Liqasında "Vikinq"lə səfər oyunu çətin olacaq. Norveçə yollanmazdan əvvəl səfərdə "Turan Tovuz"la üz-üzə gələcəyik. Amma məncə, buna öyrəşməliyik. Çünki həm avrokubokda, həm də çempionatda yaxşı nəticə üçün çalışacağıq".

Özbəkistanlı oyunçu çempionatın IX turunda "Qarabağ"la qolsuz heç-heçə etdikləri matçla bağlı fikirlərini də bölüşüb:

"Çox maraqlı oyun alındı. Azarkeşlər də zövq aldılar. Qələbə qazanmaq üçün çox çalışdıq. Amma elə alındı ki, heç-heçə oldu. Üçüncü zonada şanslarımızı reallaşdıra bilmədik".

U.Raxmonaliyev stadionda atmosferin əla olduğunu vurğulayıb:

"Stadion, ot örtüyü əla səviyyədə idi. Biz də zövq aldıq".

O, cari mövsüm Misli Premyer Liqasının daha maraqlı keçəcəyini sözlərinə əlavə edib:

"Hər bir komanda yaxş mübarizə aparır. Bu, azarkeşlər üçün də yaxşıdır. Sonadək mübarizə davam edəcək. Kim güclüdürsə, o da çempion olacaq".