Azərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər

Azərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər Azərbaycan və Özbəkistan arasında III ölkələrə zərgərlik məmulatlarının satılması barədə danışıqlar aparılır.
Biznes
17 Avqust , 2023 12:40
Azərbaycan və Özbəkistan digər ölkələrə zərgərlik məmulatları sata bilərlər

Azərbaycan və Özbəkistan arasında III ölkələrə zərgərlik məmulatlarının satılması barədə danışıqlar aparılır.

Bunu “Report”a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin sədri Toğrul Abbasquliyev bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Özbəkistanın Zərgərlik Sənayesi Birliyi arasında 3 ildir ki, əməkdaşlıq edir və digər ölkələrə satış bu çərçivədə baş tuta bilər: “Biz çox məhsuldar əməkdaşlıq edirik. Azərbaycanın zərgərlik brendləri Özbəkistanda keçirilən sərgi və festivallarda təqdim edilib. Biz bir sıra biznes forumlar keçirmişik, Özbəkistana bir neçə təklif vermişik. Bunlardan biri brendlərimizin “Made in Azerbaijan” adı altında Özbəkistandakı ticarət mərkəzlərində, qarşı tərəfin brendlərinin də “Made in Uzbekistan” loqosu ilə Azərbaycandakı ticarət mərkəzlərində təmsil olunmasıdır. Bu, həm brendlərimizin məşhurlaşmasına, həm də ixrac səbətində zərgərlik məhsullarının geniş yer almasına gətirib çıxaracaq".

"Özbəkistan dünyada ən böyük qızıl hasilatçılarından biridir. Özbəkistanın xam qızılından istifadə edərək Azərbaycanda istehsal olunan zərgərlik məhsullarının III ölkələrə ixrac edilməsi planlaşdırılır. Biz bu təklifləri Özbəkistan tərəfinə təqdim etmişik. Yəqin ki, qısa zamanda onlardan bizə cavab gələcək”, - deyə sədr əlavə edib.

Son xəbərlər

Orphus sistemi